Azərbaycan Mərkəzi Bankı ilin sonunadək ESG (ekoloji, sosial və idarəetmə) risklərinin maliyyə sistemində daha effektiv idarə olunması üçün yeni makroprudensial alətlərin hazırlanmasını planlaşdırır.
"APA-Economics" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının direktoru Şahin Mahmudzadə Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində “8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu: Dayanıqlı inkişaf üçün innovativ maliyyələşmə – yardım və ənənəvi Rəsmi İnkişaf Yardımının (ODA) hüdudlarından kənarda” mövzusunda təşkil olunan sessiyada bildirib.
Onun sözlərinə görə, həmin alətlər ESG risklərinin kapital planlamasına inteqrasiyasını təmin edəcək və beynəlxalq tənzimləmə standartlarına, o cümlədən yenilənmiş “Bazel” prinsiplərinə uyğunlaşmada mühüm rol oynayacaq:
"Eyni zamanda ilin sonunadək keçid riskləri stress test çərçivəsinə daxil ediləcək".