Bank Of Baku

İssa Faye: Regional inteqrasiya inkişafın sürətləndirilməsi üçün praktik mexanizmdir

İslam İnkişaf Bankının Qlobal Təcrübə və Tərəfdaşlıqlar şöbəsinin Baş direktoru İssa Faye

© APA | İslam İnkişaf Bankının Qlobal Təcrübə və Tərəfdaşlıqlar şöbəsinin Baş direktoru İssa Faye

# 16 iyun 2026 14:37 (UTC +04:00)

Regional inteqrasiya inkişafın sürətləndirilməsi üçün praktik mexanizmdir.

APA xəbər verir ki, bunu İslam İnkişaf Bankının Qlobal Təcrübə və Tərəfdaşlıqlar şöbəsinin Baş direktoru İssa Faye Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində təşkil olunan “IsDB regionlarında regional inteqrasiyanın hərəkətverici qüvvələri” adlı panel müzakirəsində deyib.

“Regional inteqrasiyanı yalnız bir konsepsiya kimi deyil, real iqtisadi nəticələr yaradan mexanizm kimi dəyərləndirməliyik. Əsas məsələ ideyaları həllərə, potensialı rifaha və əməkdaşlığı konkret fəaliyyətə çevirməkdir”, - o qeyd edib.
O bildirib ki, tədbir qlobal iqtisadi qeyri-müəyyənliyin, ticarət axınlarındakı dəyişikliklərin və geosiyasi gərginliyin artdığı bir dövrə təsadüf edir.

“Qlobal təchizat zəncirləri yenidən formalaşır, yeni ticarət dəhlizləri yaranır və inkişaf çağırışları daha da mürəkkəbləşir. Belə bir şəraitdə daha güclü regional əməkdaşlıq dayanıqlılıq, rəqabətqabiliyyətlilik və davamlı inkişaf üçün vacib amilə çevrilib”, – o vurğulayıb.
İssa Faye qeyd edib ki, regional inteqrasiya yalnız dövlətlərarası münasibətlərdən ibarət deyil.

“Regional inteqrasiya bir ölkədəki gənc sahibkarın daha böyük bazarlara çıxış əldə etməsi, biznesin sərhədlər arasında daha rahat fəaliyyət göstərməsi və ölkələrin yalnız infrastrukturla deyil, ortaq baxış və siyasətlə birləşməsi deməkdir”, – o bildirib.

Onun sözlərinə görə, IsDB-yə üzv ölkələr arasında regional inteqrasiyanın səviyyəsi hələ də potensialından geri qalır.
“Üzv ölkələr arasında ticarətin payı ümumi ticarətin cəmi 20 faizini təşkil edir. Bu göstərici İslam Əməkdaşlıq Təşkilatının müəyyən etdiyi 25 faizlik hədəfdən aşağıdır. İnfrastruktur çatışmazlığı və siyasət uyğunsuzluqları inteqrasiyanın sürətini məhdudlaşdırır”, – Faye qeyd edib.

O vurğulayıb ki, regional inteqrasiya sahəsində bütün ölkələr üçün vahid model mövcud deyil.
“Hər regionun öz xüsusiyyətləri var. Lakin bir həqiqət dəyişmir: ölkələr bir-birinin təcrübəsindən öyrənərək daha sürətli nəticələr əldə edə bilərlər”, – o əlavə edib.

İssa Faye bildirib ki, IsDB regional inteqrasiyanı inkişafın sürətləndirilməsi üçün əsas alətlərdən biri hesab edir və bu istiqamətdə fəaliyyətini dörd prioritet üzərində qurur.
“Biz məhsuldarlığın artırılması, investisiya mühitinin yaxşılaşdırılması, ticarət və maliyyə inteqrasiyasının dərinləşdirilməsi, eləcə də regional ictimai nemətlərin genişləndirilməsi istiqamətlərində üzv ölkələrə dəstək veririk”, – o vurğulayıb.

Baş direktor çıxışının sonunda iştirakçıları regional inteqrasiyanın faydaları barədə danışmaqdan daha çox, onun həyata keçirilməsinə mane olan səbəblərə diqqət yetirməyə çağırıb.
“Əgər regional inteqrasiyanın faydaları hamıya məlumdursa, bəs bizi daha sürətli irəliləməkdən nə saxlayır? Məhz bu suala cavab tapmaq və transformativ addımlar müəyyənləşdirmək əsas vəzifəmizdir”, – İssa Faye bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR