İsveçin məşhur geyim brendi "H&M" Azərbaycanda ilk mağazasını açacaq.
APA xəbər verir ki, mağaza Bakıda, “Gənclik Mall” ticarət mərkəzində fəaliyyətə başlayacaq.
2000 kvadratmetrdən çox sahəni əhatə edən mağaza iki mərtəbədə yerləşir. Müştərilərə qadın, kişi və uşaq geyimləri, eləcə də idman geyimləri təqdim olunur. Kolleksiyalara mövsümün aktual dəb trendləri ilə yanaşı, gündəlik istifadə üçün nəzərdə tutulan geyimlər də daxildir.
Jurnalistlərə açıqlama verən "H&M Azərbaycan"ın icraçı direktoru Pyotr Yan Kuxarski brendin Azərbaycana gəlişinin yerli bazarda uzunmüddətli fəaliyyət qurmaq strategiyasının bir hissəsi olduğunu deyib.
Onun sözlərinə görə, şirkət ölkə bazarına “Sinteks Group” ilə françayzinq tərəfdaşlığı çərçivəsində daxil olub: "Tərəfdaşlığın əsas məqsədi "H&M"in beynəlxalq moda və dizayn təcrübəsini “Sinteks Group”un Azərbaycan bazarı ilə bağlı bilik və təcrübəsi ilə birləşdirməkdir. Azərbaycan bazarının potensialı şirkətin ölkədə uzunmüddətli mövcudluq yaratmaq planları baxımından əhəmiyyətlidir və “Gənclik Mall”da ilk mağazanın açılması bu istiqamətdə ilkin addımdır. “H&M-in əsas məqsədi geniş müştəri kütləsi üçün əlçatan qiymətlərlə dəbli geyimlər təklif etmək və hər kəsə öz fərdi üslubunu ifadə etmək imkanı yaratmaqdır. Şirkət Azərbaycandakı ilk mağazası vasitəsilə müştərilərə müxtəlif əhval-ruhiyyə və ehtiyaclara uyğun geyim seçimləri təqdim etməyi hədəfləyir”.
O, “Sinteks Şirkətlər Qrupu” ilə əməkdaşlığın əhəmiyyətinə də toxunub. Bildirilib ki, tərəfdaşın regionda beynəlxalq moda brendlərinin təqdim edilməsi və inkişaf etdirilməsi sahəsində təcrübəsi onun seçilməsində mühüm rol oynayıb.
Pyotr Yan Kuxarski Azərbaycanın moda bazarında gələcək imkanlara nikbin yanaşdıqlarını bildirib. Bununla belə, şirkətin növbəti mağazalarının açılışı ilə bağlı konkret planları açıqlanmayıb.
Qeyd edək ki, "H&M" 17 oktyabr saat 12:00-da “Gənclik Mall”da rəsmi açılış mərasimi keçirəcək. Açılış günü növbəyə qoşulan ilk 100 ziyarətçiyə "H&M" tərəfindən xüsusi hədiyyə təqdim olunacaq.