Azərbaycan dilinin ümumi informasiya bazası yaradılacaq

Azərbaycan dilinin ümumi informasiya bazası yaradılacaq
# 10 aprel 2013 08:03 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva–APA. Azərbaycanda küçə adları, afişa və reklamlarda Azərbaycan ədəbi dilinin nor­­malarının pozulması hallarına qarşı ciddi tədbirlər görüləcək. APA-nın məlumatına görə, bu, ölkə prezidenti İlham Əliyevin dünən imzaladığı “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulub. Proqrama əsasən, 2013-2015-ci illər ərzində AMEA, Mədəniyyət və Turizm Nazirliyi, Əm­lak Məsələləri Dövlət Komitəsi, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tərəfindən bu istiqamətdə zəruri addımlar atılmalıdır.

Yaxın iki il ərzində Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasiya texnologiyalarının tətbiqini gücləndirmək üçün Azərbaycan dilinin dövlət dili kimi ümumi informasiya bazasının yaradılması nəzərdə tutulub. Bazanın yaradılması AMEA, Təhsil və Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri tərəfindən həyata keçiriləcək.

2013-2020-ci illər ərzində AMEA, Təhsil və Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri tərəfindən Azərbaycan dilinin təkmilləşdirilmiş yeni orfoqrafik, izahlı, frazeoloji, terminoloji, tərcü­mə, ensiklopedik və tezlik elektron lüğətləri hazırlanacaq. Azər­baycan dilində in­ter­net resurslarının, elek­­tron və interaktiv dərslik­­lərin yaradılması istiqamətində fəaliyyət gücləndiriləcək.

AMEA Əlyazmalar İnstitutunda saxlanılan əlyazma­lar­dan istifadəni asanlaşdırmaq məqsədilə “Əlyazmaların elektron kitabxanası” və internet portalı yaradılacaq.

Proqrama əsasən, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və AMEA tərəfindən 2013-2015-ci illər ərzində beynəlxalq standartlar əsasında milli terminoloji informasiya sistemi yaradılacaq. Həmçinin yaxın 3 il ərzində AMEA, Rabitə və İnfor­ma­si­­ya Texno­logi­ya­­la­rı Nazirliyi və Müəllif Hüquqları Agentliyi tərəfindən Azərbaycan dilində antiplagiat sistemin yaradılması nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR