DİN-də kollegiya iclası keçirilib

DİN-də kollegiya iclası keçirilib
# 10 iyul 2015 15:53 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Daxili İşlər Nazirliyində (DİN) kollegiya iclası keçirilib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iyulun 10-da Daxili İşlər Nazirliyində 2015-ci ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclası keçirilib.

İclası açan daxili işlər naziri, general-polkovnik Ramil Usubov bildirib ki, cari ilin birinci yarısında ölkəmizin ictimai-siyasi həyatı əlamətdar hadisələrlə zəngin olub. Azərbaycan Polisinin peşə bayramı ərəfəsində onun imzaladığı növbəti sərəncamlarla 41 əməkdaş dövlət mükafatları ilə təltif edilib, 3 rəhbər vəzifəli şəxs isə ali xüsusi rütbələrə layiq görülüb.

Nazir müavini, polis general-leytenantı Vilayət Eyvazov qeyd edib ki, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təminində əldə olunan nəticələr mötəbər beynəlxalq təşkilatlar tərəfindən də müsbət dəyərləndirilib. Beynəlxalq İqtsadi Forumun 2014-2015-ci illər üzrə hesabatına əsasən, Azərbaycan, dünyanın 144 ölkəsi arasında «Polis orqanlarının etibarlılığı» indikatoru üzrə 15-ci, «Mütəşəkkil cinayətkarlıq» indikatoru üzrə 40-cı yeri tutub. Bu göstəricilərlə respublikamız Avropa və MDB ölkələrini xeyli qabaqlayır.

Nazir müavini həmçinin qeyd edib ki, hesabat dövründə müstəntiqlərin icraatında 13.714 cinayət işi olub, prosessual fəaliyyətin əsas göstəricilərindən olan dövlətə, hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın ödətdirilməsi işinin nəticələri 7,3 faiz yaxşılaşaraq 77,7 faiz təşkil edib.

Vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində ölkə başçısının qarşıya qoyduğu proqram vəzifələrin icrasının ciddi nəzarətdə saxlanıldığı və planlı surətdə davam etdirildiyi, 3 mindən çox, o cümlədən qabaqcadan təsdiqlənmiş cədvəl əsasında respublikanın ayrı-ayrı bölgələrində 1853 vətəndaşın qəbul edildiyi vurğulanıb.

Məruzə ətrafı çıxışlarda nazirliyin ayrı-ayrı struktur qurumlarının, şəhər, rayon polis orqanlarının rəisləri görülmüş işlər, mövcud nöqsanların aradan qaldırılması üzrə qarşıda duran vəzifələr barədə məlumat veriblər.

İclasa yekun vuran nazir Ramil Usubov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, qanunla müəyyən edilmiş vəzifələrin layiqincə yerinə yetirildiyini, habelə cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiyini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birgə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin hazırda da uğurla davam etdirildiyini bildirib.

Ailə münaqişəsi zəminində və əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilən cinayətlərin qarşısının alınması üçün profilaktika işlərinin həyata keçirilməsinin, mühafizə-siqnalizasiya vasitələrinin tətbiqi ilə bağlı əhali arasında təbliğat işinin lazımi səviyyədə təşkilinin, vətəndaşların müraciətlərinə və qəbuluna ciddi yanaşılmasının, noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilər zamanı asayişin və təhlükəsizliyin etibarlı qorunması məqsədilə zəruri qabaqlayıcı tədbirlərin görülməsinin, səsvermə hüququna malik bütün vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunmasının, bu işin gündəlik nəzarətdə saxlanılmasının, şəxsi heyətin peşəkarlığının artırılması istiqamətində davamlı tədbirlərin görülməsinin vacibliyi qeyd olunub.

Nazir bildirib ki, artıq uzun illərdir Azərbaycan sabitliyin və əmin-amanlığın qorunması sahəsində dünyanın öncül dövlətlərindəndir. Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı son 12 ildə orta hesabla 233 fakt təşkil edir. Bu göstərici, eləcə də cinayətlərin konkret növlərinin, o cümlədən sağlamlığa ağır zərər vurmaların, oğurluqların, soyğunçuluqların və s. sayı Avropa və MDB ölkələri ilə müqayisədə dəfələrlə azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR