“Axınla aşağı” filmi ABŞ-da keçiriləcək iki beynəlxalq festivala dəvət alıb

“Axınla aşağı” filmi ABŞ-da keçiriləcək iki beynəlxalq festivala dəvət alıb
# 02 aprel 2015 13:55 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Axınla aşağı” filmi Amerika Birləşmiş Ştatlarında keçiriləcək iki beynəlxalq festivala dəvət alıb. C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasından APA-ya verilən məlumata görə, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm”də lentə alınan ekran əsəri 10-19 aprel tarixlərində Hyustonda keçiriləcək məşhur "Worldfest-Houston International" Film Festivalı çərçivəsində Amerikada təqdim olunacaq. “Axınla aşağı” festivalın əsas proqramında yer alıb.

Film həmçinin 30 aprel–7 may tarixlərində Los Angelesdə keçiriləcək “SEEfest Film Festivalı”nda nümayiş etdiriləcək. Festival Amerika kinoakademiyasının xüsusi dəstəyi ilə keçirilir və seçilmiş Avropa filmlərinin ABŞ-da tanınmasında böyük rol oynayır.

Bundan əvvəl filmin dünya premyerası 1263 kino mütəxəssisinin - ümumilikdə 12 min 433 akkreditasiya olunmuş ziyarətçinin qatıldığı Karlovı Varı Beynəlxalq Film Festivalı (Çexiya) çərçivəsində “East of the West” müsabiqə proqramında gerçəkləşmişdi.

Qeyd edək ki, rejissoru Asif Rüstəmov olan filmin ssenari müəllifləri Asif Rüstəmov və Otar Pertaxia, quruluşçu operatoru Ayxan Salar, quruluşçu rəssamı Rafiz İsmayılov, bəstəkarı Xəyyam Mirzəzadə, icraçı prodüseri Nadir Əliyev, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Namiq Ağayev, Mehriban Zəki, Aleksandra Andreyevska, Teymur Məmmədov və digərləri canlandırırlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR