Bakı-2015: Avropa Oyunları zamanı MOK “Azərbaycan yığmasının evi”nə çevriləcək

Bakı-2015: Avropa Oyunları zamanı MOK “Azərbaycan yığmasının evi”nə çevriləcək
# 29 may 2015 12:54 (UTC +04:00)

Bakı- APA. Bakı-2015 Avropa Oyunları zamanı “Azərbaycan yığmasının evi” fəaliyyət göstərəcək. Apasport.az saytının xəbərinə görə, bu barədə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə məlumat verib.

O, idman federasiyalarının nümayəndələri ilə görüş zamanı bildirib ki, “Azərbaycan yığmasının evi” iyunun 12-dən 29-dək fəaliyyət göstərəcək. Olimpiya Oyunları zamanı həmin yarışlarda Azərbaycan günü qeyd edilir. Avropa Oyunları isə ölkəmizdə keçirildiyindən Milli Olimpiya Komitəsində “Azərbaycan yığmasının evi” olacaq.

Hər gün medal qazanan idmançılar ertəsi gün “Azərbaycan yığmasının evi”nin qonağı olacaq, burada jurnalistlərlə görüşəcək. Mükafatçılar saat 13:00-14:00-da baş tutan tədbirə ailə üzvləri və yaxınları ilə də qatıla bilər.

Vitse-prezident qeyd edib ki, “Azərbaycan yığmasının evi”ni ən yaxşı işıqlandıran jurnalist və ən yaxşı sualın müəllifi üçün xüsusi mükafatlar təsis olunub.

O bildirib ki, burada 3 gün xüsusi qeyd olunacaq. İyunun 13-də Azərbaycanın ilk medalını qazanacağı gözlənildiyindən ayın 14-də xüsusi tədbir təşkil olunacaq. İyunun 23-də Beynəlxalq Olimpiya günü qeyd olunacaq. Ayın 29-da baş tutacaq tədbir isə yarışın yekunlarına həsr olunacaq.

Federasiya nümayəndələri təmsil etdikləri idman növündə Avropa Oyunlarında medal qazanmaq şansları və hazırlıq barədə məlumat veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR