Azərbaycan VIII İnternet İdarəçiliyi Forumunda iştirak edir

Azərbaycan VIII İnternet İdarəçiliyi Forumunda iştirak edir
# 23 oktyabr 2013 09:29 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan nümayəndə heyəti Balidə (İndoneziya) keçirilən «Körpülərin qurulması: çoxtərəfli əməkdaşlıqda hökumətlərin rolu» mövzusunda VIII İnternet İdarəçiliyi Forumunda (IGF) iştirak edir. Bundan öncəki toplantıya ev sahibliyi etmiş Azərbaycanı təmsil edən rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə toplantıda çıxış edib.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, E.Vəlizadə çıxışında indiyədək keçirilmiş toplantılar arasında öz nəticələrinə görə ən yüksək göstəriciləri olan Bakı toplantısının IGF prosesinə müsbət töhfə verdiyini vurğulayıb. Nazir müavini İKT sahəsinin Azərbaycanın inkişafı üçün əsas prioritet sahələrdən biri olduğunu qeyd edib və görülən işlər barədə iştirakçıları məlumatlandırıb.

E.Vəlizadə «IGF-Baku» toplantısından sonra ölkədə bu sahədə əldə olunmuş nailiyyətləri qeyd edərək, ölkənin ilk telekommunikasiya peykini orbitə çıxarması, İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun, Yüksək Texnologiyalar Parkının yaradılmasını, İnformasiya Texnologiyaları Universitetinin fəaliyyətə başlamasını diqqətə çatdırıb. Ölkədə və regionda internetin inkişaf etdirilməsi istiqamətində işlər barədə fikirlərini bölüşən E.Vəlizadə Azərbaycanda genişzolaqlı xidmətlərin inkişafı üzrə layihənin icrası, EPEG layihəsində iştirak və Trans-Avrasiya Super İnformasiya Magistralı (TASIM) layihəsinin əhəmiyyəti haqqında forum iştirakçılarını məlumatlandırıb.

Forumda iştirak çərçivəsində E.Vəlizadə İndoneziyanın rabitə və informasiya texnologiyaları naziri Tifatul Sembirinq ilə görüşüb və tərəflər İKT sahəsində mövcud vəziyyət, ölkələr arasında əməkdaşlıq imkanları məsələləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Tədbirdə ABŞ, Böyük Britaniya, Yaponiya, Braziliya, Türkiyə, Rusiya rəsmiləri, beynəlxalq və ictimai təşkilatların nümayəndələri ilə görüşlər keçirilib. Səfər çərçivəsində E.Vəlizadə Yüksəksəviyyəli Nazirlər Toplantısında da çıxış edib.

Oktyabrın 25-dək davam edəcək IGF forumu çərçivəsində Azərbaycanın İKT sahəsinə həsr olunmuş seminarın keçirilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR