Şabranda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır

Şabranda sahibkarlardan investisiya layihələrinin qəbuluna başlanılır
# 18 iyun 2014 07:14 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Şabran rayonunda prioritet hesab olunan sahələr üzrə sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır.

İqtisadiyyat və Sənaye Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, SKMF iyunun 13-də Şabran rayonunun Şahnəzərli kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

İşgüzar forum çərçivəsində sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb, SKMF tərəfindən Şabran rayonu üzrə sahibkarlıq subyektlərindən müasir çörək istehsalı müəssisəsinin, 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, pendir istehsalı və plastik qapı-pəncərə istehsalı müəssisələrinin və intensiv üzümçülük təsərrüfatlarının yaradılması istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib.

Sahibkarlar bu sahələr üzrə nümunəvi layihələri SKMF-dən əldə edə bilərlər. Sahibkarların istəyinə əsasən, kiçik həcmli investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcək. Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə fonda müraciət edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR