BMT-nin hesabatı: Azərbaycanda qadın və uşaqların həyat səviyyəsi yaxşılaşmaqdadır

BMT-nin hesabatı: Azərbaycanda qadın və uşaqların həyat səviyyəsi yaxşılaşmaqdadır
# 01 iyul 2013 15:39 (UTC +04:00)

Bu barədə APA-ya BMT-nin Azərbaycandakı nümayəndəliyindən daxil olan məlumatda bildirilib.

Çoxlu sayda alt hədəflərdən ibarət olan Minilliyin İnkişaf Məqsədləri yoxsulluq, aclıq, səhiyyə, gender bərabərliyi, təhsil və ətraf mühit məsələlərini əhatə edir və 2000-ci ildə keçirilən BMT-nin Minilliyin Sammitində bütün dövlət tərəfindən qəbul edilib.

Hesabatda qeyd olunub ki, Qafqaz və Mərkəzi Asiya regionu 2015-ci ilə qədər aclığı yarıya qədər azaltmaq məqsədinə demək olar ki, çatıb. 1990-1992-ci illərdə düzgün qidalanmamadan əziyyət çəkən əhali göstəricisi 13.9 faiz idisə, 2010-2012-ci illərdə bu göstərici 7.4 faizə qədər azalıb. Regionda düzgün qidalanmamadan əziyyət çəkən uşaqların nisbəti yarıya qədər azaldılıb. Beş yaşına çatmamış və çəki azlığından əziyyət çəkən uşaqların göstəricisi 1990 və 2011-ci illər arasında 14 faizdən 4 faizə qədər azalıb.

Hesabatda deyilir ki, region gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılmasını təbliğ etməkdə davam edir və ibtidai və orta təhsil sahələrində oğlanlar və qızlar arasında bərabərliyə nail olub. Qızların və oğlanların ibtidai və orta məktəblərə yazılma nisbətləri uyğun olaraq 0.98 və 0.97 faiz olmuşdur və bu da qəbul edilmiş bərabərlik göstəricilərinə uyğundur. Ali və digər təhsil səviyyələrində isə qadınlar kişilərdən üstündürlər.

Region eyni zamanda inkişaf etməkdə olan regionlar arasında ana ölümü hallarının sayına görə ən aşağı göstəricilərə malikdir. Belə ki, 2010-cu ildə hər 100000 doğuşa 46 ölüm hadisəsi olub. 2011-ci ildə anaların demək olar ki, hamısına – 97 faizinə doğuş zamanı təcrübəli həkimlər tərəfindən yardım edilib.

Qafqaz və Mərkəzi Asiya region 1990 və 2011-ci illər arasında uşaq ölümü hallarını 45 faizə qədər azalıb.

Hesabata görə səhiyyə sahəsində böyük uğurlar əldə edilib. 2000 və 2010-cu illər arasında malyariyadan ölən insanların sayı dünyada 25 faiz azalmışdır və təxminən 1.1 milyon ölüm hallarının qarşısı alınıb. Vərəm nəticəsində ölüm halları qlobal səviyyədə və bəzi regionlarda 1990-cı ildəki ilə müqayisədə 2015-ci ilə qədər yarıya qədər azaldıla bilər. 1995-2011-ci illər arasında toplam 51 milyon vərəm xəstəsi uğurla müalicə edilib və 20 milyon insan həyatı xilas olunub.

Hesabatda qeyd edilir ki, İİV infeksiyasına yoluxanların sayı azalır, belə ki, 2011-ci ildə təxminən 34 milyon insan bu infeksiya ilə yaşayıb. 2011-ci ilin sonunda inkişaf etməkdə olan regionlarda 8 milyon insan İİV və QİÇS-ə qarşı antiretroviral müalicə alıblar. Hesabata görə, bu tendensiya davam etdirildiyi təqdirdə antiretroviral müalicəyə universal çıxışın təmin edilməsinə dair MİM-ə 2015-ci ilə qədər çatılması mümkündür.

Daha sonra qeyd olunub ki, 2015-ci ilə qədər aclıqdan əziyyət çəkən insanların sayını yarıya qədər azaltmaq məqsədinə də çatılmaqdadır. Düzgün qidalanmayan insanların nisbəti bütün dünyada 1990-1992-ci illərdəki 23 faizlik göstəricidən 2010-2012-ci illərdə 15 faizə qədər azalıb.

Bildirilib ki, humanitar yardım üçün ayrılan pulun azaldılması Məqsədlərə çatmağa təsir etsə də, ən yoxsul ölkələr daha kəskin təsirə məruz qalır. 2012-ci ildə inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə 126 milyard dollar yardım edib. Bu 2011-ci illə müqayisədə 4 faiz, 2010-cu illə müqayisədə isə 6 faiz daha az göstəricidir. Bu azalma ən az inkişaf etmiş ölkələrə daha çox təsir göstərib. 2012-ci ildə bu ölkələrə ikitərəfli rəsmi inkişaf yardımı 13 faiz azalıb, yəni 26 milyard dollar olub. Lakin hesabatda qeyd edilir ki, daha az borcun olması və daha təkmilləşdirilmiş ticarətə çıxış inkişaf etməkdə olan ölkələrə müsbət təsir göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR