Türkləri birləşdirən ortaq dəyər - Dədə Qorqud... - FOTOSESSİYA

Türkləri birləşdirən ortaq dəyər - Dədə Qorqud... - <span style="color: red;">FOTOSESSİYA
# 13 iyul 2013 07:52 (UTC +04:00)

Meydana türk boylarının milli geyimli igidləri çıxdı, halay çəkib, yallı gedildi. Xalq öz müdirik qəhrəmanının şərəfinə keçirilən Dədə Qorqud Şənliklərinə Oğuz yurdu Bayburtda belə başladı...

Qədim qalaları, hər döngəsində, kəndində Oğuz-türk mədəniyyətinin izləri olan Bayburt şəhəri və yollar bayram əhval-ruhiyyəsinə uyğun bəzədilmişdi. Şənliklər Dədə Qorqudun məzarının olduğu güman edilən Masat kəndində başlandı. Azərbaycandan, digər türkdilli ölkələrdən və Balkanlardan gələn incəsənət nümayəndələrinin iştirakı ilə keçirilən konsert proqramından əvvəl Bayburt valisi Hasan İpək, bələdiyyə başqanı Hacı Əli Polat, “Kitabi-Dədə Qorqud” araşdırıcıları çıxış etdilər. Çıxışlarda Dədə Qorqudun türk dünyasını birləşdirəcək dəyər olduğu və bu tədbirin davamlı keçirilməsinin zəruriliyi vurğulandı. Sonra Bayburt şəhərinin girişində ucaldılan Dədə Qorqudun abidəsi önündən başlanan və Atatürk meydanına qədər davam edən yürüş keçirildi.

Şənliklərin önəmli məqamlarından biri də mərasimlərə Azərbaycandan olan jurnalist qrupunun qatılması oldu. Azərbaycanın aparıcı media qurumlarının əməkdaşlarının da iştirak etdiyi törənlər çərçivəsində jurnalistlər bu qədim türk diyarının gəzməli-görməli, tarixi əhəmiyyət daşıyan, Türkiyə dövlətinin formalaşmasında rol oynamış yerləri ilə - qala və muzeylərlə tanış edildi. Səfər zamanı azərbaycanlı media nümayəndələri Bizans dövrünün yadigarı Bayburt qalası, Şəhid Osman Türbəsi, Aydıntəpə Yeraltı Şəhəri və digər tarixi əhəmiyyətli məkanlarla tanış oldular.

Azərbaycandan olan mətbuat nümayəndələri ilə ayrıca görüşən Bayburt valisi Hasan İpək və bələdiyyə başqanı Hacı Əli Polat Dədə Qorqud dastanı, türk xalqlarını birləşdirəcək məqamlar, Azərbaycan-Türkiyə münasibətləri, Qarabağ məsələsi barədə danışdılar. H. İpək bildirdi ki, Naxçıvanın ən çətin məqamlarında bu bölgəyə dəfələrlə səfər edərək o zaman Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevlə davamlı görüşüb və muxtar respublikanın qida problemlərinin həllində dövlət məmuru kimi öz dəstəyini çatdırıb. H. İpək qeyd etdi ki, Azərbaycandan olan jurnalistlərin bu bölgəyə səfəri və sonradan təəssüratlarını bölüşmələri Bayburtun turizm potensialının artırılmasına xidmət edə bilər.

Ərzurumun qarı, yarı və barı...

Qarlı dağların arasında yerləşən bu səfalı türk şəhəri özündə Bizans, moğol, Səlcuq, Səfəvi memarlığını birləşdirir. Moğol hökmranlığının yadigarı Yakutiya Mədrəsəsi, Səlcuq dövrü memarlarının sənətkarlıq nümunəsi olan Çiftə Minarəli Mədrəsə, 5-ci yüzillikdə inşa edilən, şəhərin ən böyük Bizans yadigarı olan Ərzurum qalası, Səlcuqlu Atabəy Camisi, Saat Qülləsi və digər memarlıq nümunələri şəhərə bir başqa özəllik verir. Şəhərin Qanuni Sultan Süleyman dövründə Təbrizdən dəvət olunan memar və ustalar tərəfindən türk-müsəlman şəhəri kimi yenidən inşa edilməsi faktı isə bizdə böyük maraq doğurdu. Şəhərin mərkəzində yerləşən Təbriz çarşısı adı ilə tanınan abidə-kompleksi də həmin memarlıq nümunəsinin bu günlərə qədər gəlib çatan yadigarıdır.

Ərzurumlular öz adət-ənənələrinə sadiq, milli və dini dəyərlərini mühafizəkar şəkildə qoruyan insanlardır. Şəhərdə daim yeniliklərin aparılmasına – müasir idman qurğularının inşa edilməsinə baxmayaraq, Ərzurum öz simasını dəyişmək fikrində deyil. Ərzurumlular, əsasən də özündən böyüklərə bu gün də Azərbaycanın bir çox bölgələrində olduğu kimi “dadaş” deyə müraciət edirlər. Gənc ərzurumlular isə bizimlə söhbətlərində Azərbaycan türklərinin onların baba və nənələrinin şivələrində danışdıqlarını söyləyirlər. Turist axının az olmasına, qonaqlı-qaralı olmamasına baxmayaraq, ərzurumlular qonaqpərvərliyini saxlayıblar. Bu mənada ərzurumluları bir çox adətləri ilə Azərbaycan türklərindən fərqləndirmək mümkün deyil.

Ərzurumda rus əsgərinin izi və erməni xəyanəti...

Ərzurumun ətrafındakı tarixi məkanlardan biri də Nənə Xatunun qəhrəmanlığı ilə anılan yerdir. Ərzurumda danışırlar ki, 1877-ci il noyabrın 8-dən 9-na keçən gecə Osmanlı vətəndaşı olan erməni silahlı dəstələri Ərzurumun Әziziyə hәrbi qarnizonundakı türk əsgərlərini yuxudaykən qılıncdan keçirir. Nəticədə səhər hücuma keçən rus əsgərləri heç bir çətinliklə qarşılaşmadan qarnizonu tuturlar. Bu xəbəri eşidən Ərzurum xalqı silahlanaraq qarnizona doğru hərəkət edirlər. Onların arasında Nənə Xatun da var idi. Qarnizonu ələ keçirən rus əsgərləri gələnlərə atəş açır. Atəşə məhəl qoymayan camaat dəmir qapını sındırır və əlbəyaxa döyüş başlayır. Rus ordusu baltalı-yabalı xalq qarşısında ancaq yarım saat tab gətirə bilir vә 2300-ə yaxın itki verən ruslar və ermənilər qarnizondan qaçır. 98 il ömür sürən Nənə Xatun Әziziyə Qarnizonunda dəfn edilib. Ümumiyyətlə isə Ərzurum şəhəri beş dəfə rus qoşunların hücumuna məruz qalıb. Onların yalnız birində şəhər işğalçıların əlinə keçib. İndi də ərzurumlular rus generalı Paskeviçin komandalıq etdiyi qoşunların bu torpaqlarda törətdiyi vəhşilikləri unutmayıb. Tarixi mənbələrə görə, böyük rus şairi Aleksandr Puşkin də bu işğalçı ordunun tərkibində Ərzurumda olub.

Qafqaz İslam Ordusu – tanımadığımız qəhrəmanlar...

Ərzurum həm də Azərbaycan tarixində iz buraxan şəhərlər sırasındadır. Bizi şəhərin tarixi ilə tanış edən şəhər bələdiyyəsinin başqan müavini, tarixçi-alim Müzəffər bəyin sözlərinə görə, bu gün də ərzurumlular gəncəli Seyidov adlı qəhrəman - Azərbaycan türkü haqda danışır, onu yad edirlər. Müzəffər bəyin deyir ki, gəncəli Seyidov adı ilə tanınan bu şəxs Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndəsi kimi Ərzuruma səfər edir və Osmanlı Ordusunun yüksək rütbəli komandanları ilə Azərbaycanın rus-erməni işğalından xilası ilə bağlı danışıqlar aparır. Onun bu danışıqları sonradan uğurlu hərbi əməliyyatlar apararaq Bakını rus-erməni işğalından azad edən Qafqaz İslam Ordusunun Azərbaycana gəlməsinə səbəb olur. Gəncəli Seyidov isə missiyasını davam etdirmək üçün Ərzurumda qalır, burada Osmanlı komandanları ilə birlikdə rus işğalına qarşı mücadilə aparır. Lakin o, yüksək rütbəli türk hərbçiləri ilə birlikdə pusquya salınaraq qətlə yetirilir.

Bu gün Ərzurum öz şanlı tarixi ilə yaşayır, inkişaf edir, simasına müasirlik qatır və bütün bunlarla fəxr edir.

Haşiyə: Türkiyənin Quzey Doğu Anadolu İnkişaf Agentliyinin, Türkiyə Hava Yollarının, Bayburt Bələdiyyəsinin və valiliyinin təşəbbüsü ilə həyata keçirilən səfərin son günü Ərzurumda bölgənin media nümayəndələri ilə azərbaycanlı jurnalistlər arasında görüş keçirildi. Görüşdə bir daha vurğulandı ki, “bir millət, iki dövlət” olan Türkiyə və Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub və bu proses çərçivəsində səfərlər intensivləşməli, inteqrasiya güclənməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR