İbtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparması qadağan edilib

İbtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparması qadağan edilib
# 29 iyun 2013 11:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu qaydalarına əsasən, müəssisələrdə müəllimlərin tələbatı müəyyənləşdirilib.

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, qaydalarda qeyd olunur ki, dərs bölgüsü aparılarkən ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində işləyən müəllim üçün həftəlik 1 (bir) stavka dərs yükü 12 saat (bu zaman həftəlik dərs yükü 2 (iki) stavkadan çox olmamalıdır) müəyyənləşdirilir. 12 saatdan az dərs vakant olarsa, həmin saatlar ilk növbədə müəssisənin müəllimləri arasında, müəyyənləşdirilmiş yuxarı hədd gözlənilməklə bölüşdürülür.

Təhsil müəssisəsində hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü (ümumi təhsil müəssisələri və peşə liseyləri üçün həftəlik 6-11 saatadək) vakant hesab edilir və müsabiqəyə çıxarılması üçün təqdim olunur. Ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrində 65 yaş həddinə çatmış müəllimlərin çalışmanın yaş həddi müəssisə rəhbərləri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Təhsil Nazirliyinin birbaşa tabeliyində olan təhsil müəssisələrinə sosial məzuniyyət yerinə müəllimlərin işə qəbulu nazirliyin, digər müəssisələrə isə təhsili idarəetmə orqanlarının razılığı ilə ən çoxu 3 il müddətinə əmək müqaviləsi bağlanılır və əmrlə rəsmiləşdirilir. Sosial məzuniyyətdə olan müəllimlərə hər dərs ilinin əvvəlində həftəlik dərs yükü ayrılır və əmrləşdirilir. Sosial məzuniyyətdə olan müəllimin yerinə müddətli əmək müqaviləsi ilə işə götürülən işçilərə həmin dərs yükü verilir və tarifləşmə cədvəlində qeyd edilir. Müddətli əmək müqaviləsi bağlanmış işçi ilə əmək müqaviləsi sosial məzuniyyətdə olan müəllim işə qayıtdığı gündən ləğv edilir.

Kənd məktəblərinə işə qəbul üçün nəzərdə tutulmuş həvəsləndirmə tədbirləri ali və orta ixtisas təhsili müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və yaşı 35-dək olan gənc mütəxəssislərə şamil olunur. Kənd yerlərində olan ümumi təhsil müəssisələrində fəaliyyətə başlayan gənc mütəxəssislərə həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərin sayı Təhsil Nazirliyi tərəfindən hər tədris ili üçün müəyyənləşdirilir və iyul ayının 1-dək Maliyyə Nazirliyinə təqdim edilir. Həvəsləndirmə tədbirləri tətbiq olunan vakant yerləri müəyyənləşdirərkən həmin vakant yerə ixtisaslı müəllim kadrlarına ciddi ehtiyac olması, kadra olan tələbatın əvvəlki illərdən yaranması və təmin olunmaması, vakant dərs yükünün əvəzçilik və saathesabı qaydada aparılmasının qeyri-mümkünlüyü kimi tələblər gözlənilməli və rayon mərkəzindən olan məsafə dəqiq göstərilməlidir.

Ümumtəhsil müəssisələrinin ibtidai siniflərində müəllimlərin iki sinif komplektində dərs aparmasına yol verilmir. Zəruri ehtiyac olduqda, təhsili idarəetmə orqanlarının və ya təhsil müəssisələrinin əsaslandırılmış təqdimatına əsasən ibtidai siniflərdə müəllimlərin iki sinif komplektində dərs aparması nazirliyin razılığı ilə həyata keçirilir. İbtidai siniflərdə fiziki tərbiyə, musiqi, texnologiya və təsviri incəsənət dərsləri ibtidai sinif müəllimlərinin özləri tərəfindən, xarici dil və informatika fənləri isə ixtisaslı kadrlar tərəfindən tədris edilir. Kadr olmadığı halda, informatika fənnini ibtidai sinif müəllimi apara bilər.

Müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində sabit saxlanılır. Yerli təhsili idarəetmə orqanları və müvafiq təhsil müəssisələrinin rəhbərləri hər tədris ili başa çatdıqdan sonra 10 gün ərzində vakant yerlər barədə məlumatı müəyyənləşdirilmiş forma üzrə Təhsil Nazirliyinə təqdim edir. Dərs bölgüsü hər il sentyabrın 20-dək əmrlə rəsmiləşdirilir. Tarifləşmə cədvəli idarəetmə orqanlarının təsdiqinə təqdim olunanadək müəssisə üzrə kadr məsələlərinin tənzimlənməsi təmin olunmalı və vakant dərs saatları cədvəldə göstərilməlidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR