Azərbaycanda rezidenturaya sənəd qəbulu sabah başa çatacaq

Azərbaycanda rezidenturaya sənəd qəbulu sabah başa çatacaq
# 22 avqust 2013 12:48 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Azərbaycanda 2013-2014-cü tədris ili üçün rezidenturaya sənəd qəbulu sabah bitir. Bu barədə APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətindən məlumat verilib. Bu gün saat 14:30-a olan məlumata görə, 1211 nəfər ərizəsini dolduraraq Sənəd Qəbulu Komissiyasında təsdiqlətdirib. Onlardan 165 nəfəri rus, 1046 nəfəri isə Azərbaycan bölməsinin məzunlarıdır.

Qeyd edək ki, rezidenturaya qəbul imtahanı test üsulu ilə iki mərhələdə keçiriləcək. İmtahanın birinci mərhələsi 2013-cü il sentyabrın 9-da, ikinci mərhələsi 2013-cü il sentyabrın 10-da keçiriləcək. Birinci mərhələdə namizədin baza ali tibb təhsili istiqamətinə müvafiq olaraq qəbul proqramı əsasında baza fənləri üzrə bilikləri, ikinci mərhələdə isə ixtisas fənləri üzrə bilikləri yoxlanılacaq. Namizədlərə hər mərhələdə ayrılıqda 100 test tapşırığı təqdim olunacaq. Hər iki mərhələdə namizədin hər bir test tapşırığına düzgün cavabı 1 balla qiymətləndirilir. Səhv cavablar namizədin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir. İmtahan suallarının cavablandırılmasına hər bir mərhələ üzrə 2 saat 30 dəqiqə vaxt ayrılır. Sənəd qəbulu avqustun 14-dən başlayıb.


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR