Azərbaycanda yüksək dağlıq ərazinin hidrometeoroloji şəraitinə aid ilk elmi hesabat hazırlanıb

Azərbaycanda yüksək dağlıq ərazinin hidrometeoroloji şəraitinə aid ilk elmi hesabat hazırlanıb
# 22 fevral 2014 11:39 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Yüksək dağlıq ekosistemlərin hidrometeoroloji və ekoloji şəraitini öyrənmək məqsədilə "Kompleks Hidrometeoroloji və Ekoloji Tədqiqat Elm Mərkəzi"nin sistematik müşahidə, 2011-2013-cü illərdə Tufandağ buzlağında aparılan buzlaq ekspedisiya, habelə peyk məlumatlarının təhlili əsasında elmi hesabat hazırlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən xəbərə görə, bu hesabat rеаl müşahidə məlumatlarına əsaslanmaqla Azərbaycanın yüksək dağlıq ərazilərinin hidrometeoroloji şəraitinə aid respublikada yerinə yetirilmiş ilk elmi hesabatdır.


Hesabatda meteoroloji parametrlərin, o cümlədən temperaturun, yağıntının, küləyin, təzyiqin, həmçinin rütubətin maksimal, minimal və orta çoxillik göstəricilərinin statistik təhlilləri aparılıb, onların ildaxili və çoxillik rejim dəyişkənliyi öyrənilib. Eyni zamanda hesabatda Qusarçayın ilkin qida mənbələrini təşkil edən çayların axımı üzərində aparılan müşahidələrin nəticələri öz əksini tapıb.


Elmi hesabatda 2011-2013-cü illərdə Tufandağ buzlağında aparılan çöl tədqiqat işlərinin nəticələri, buzlaqların hidromorfoloji təhlili, buzlaqların kütlə balansında dəyişmələrin qiymətləndirilməsi xüsusi yer tutur. Bunun üçün eyni zamanda 1984, 2000 və 2011-ci illərin peyk məlumatlarından, şəkillərdən istifadə olunub. Elmi hesabatın dördüncü fəsli, öyrənilən ərazinin dünyanın müvafiq yüksək dağlıq ərazilərinin hidrometeoroloji şəraiti ilə müqayisəli təhlilinə həsr edilmiş, müvafiq paralellər aparılıb. Hesabatın sonunda alınmış vacib nəticələr qeyd olunub və təkliflər verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR