Azərbaycanda sənaye və tikinti müəssisələri statistik uçot hesabatlarını elektron formada təqdim edəcək

Azərbaycanda sənaye və tikinti müəssisələri statistik uçot hesabatlarını elektron formada təqdim edəcək
# 25 oktyabr 2013 11:11 (UTC +04:00)

Bakı. APA-Economics. Azərbaycanda sənaye və tikinti sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatların statistik uçot hesabatları Dövlət Statistika Komitəsinə bundan sonra onlayn rejimdə təqdim edilməlidir.

«APA-Economics»in məlumatına görə, bunu bu gün Dövlət Statistika Komitəsində «Sənaye və tikinti statistikası sahəsində statistik uçotun onlayn rejiminə keçidi ilə bağlı görülən işlər, yaranan problemlərin həlli yolları» və «Enerji balansı və enerji səmərəliliyini əhatə edən göstəricilər» mövzularında keçirilən seminarda Komitənin Aparatı sənaye və tikinti statistikası şöbəsinin müdir müavini Elnur Əlili bildirib.

Onun sözlərinə görə, bu seminarın keçirilməsinin məqsədi statistika məlumatlarının istifadəçilərinin statistik metodologiya ilə bağlı bilgilərinin artırılması məqsədi ilə təşkil olunub. E.Əlili bildirib ki, bütün uçot vahidlərinin hesabatları kağız variantından onlaynla əvəz edilməsi üçün artıq Kanada, Norveç, Danimarka təcrübəsi öyrənilib: «Yəni, bütün uçot vahidlərindən hesabatlar elektron sənəd formasında alınacaq. Artıq Statistika Komitəsinə sənaye sahəsində 13 hesabatdan 1-i kağız, 12-si onlayn rejimdə daxil olur. Həmçinin, tikinti sahəsində 18 hesabatdan 8-i kağız, 10-u onlayn rejimdə təqdim edilir».

Komitə rəsmisi vurğulayıb ki, bu, statistik məlumatların istifadəçiləri və Komitənin öz əməkdaşlarının vaxtını qənaət etməyə bir vasitə olacaq: «Elektron hesabata keçidin təmin olunması maliyyə və əmək resurslarına qənaət etməyə və uçot vahidlərinə düşən yükün azaldılmasına imkan yaradacaq».

E.Əlili yaxın vaxtlarda bu sahədən ümumilikdə bütün hesabatların onlayn rejimdə daxil olacağını vurğulayıb.

Qeyd edək ki, seminarda Energetika, İqtisadiyyat və Sənaye nazirlikləri, Dövlət Neft Şirkəti və digər dövlət qurumlarının nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR