Lənkəran məktəblərində fövqəladə hallarda necə davranmaqla bağlı tədbir keçirilib - FOTO

Lənkəran məktəblərində fövqəladə hallarda necə davranmaqla bağlı tədbir keçirilib - <span style="color: red;">FOTO
# 21 noyabr 2013 16:18 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Noyabrın 21-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzi tərəfindən Lənkəran rayonunun M.Həmzəyev adına Səpnəkəran və Şürük kənd orta məktəblərində “Fövqəladə hallarda özünü necə aparmalı və yanğın təhlükəsizliyi vərdişlərinə hamı əməl etməlidir!” mövzusunda maarifləndirmə tədbirləri keçirilib. APA-nın cənub bürosunun xəbərinə görə, tədbirin keçirilməsində əsas məqsəd təbii və texnogen xarakterli fövqəladə hadisələr zamanı davranış qaydaları, ilkin tibbi yardımın düzgün göstərilmə üsul və mexanizmləri, fərdi mühafizə vasitələrindən və ilkin yanğınsöndürmə avadanlıqlarından istifadə etmə qaydaları, eləcə də yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə düzgün riayət olunmasına nəzarətin gücləndirilməsi sahəsində həmin məktəblərin müəllim və şagird kollektivlərini məlumatlandırmaqdan ibarət olub.

FHN Cənub Regional Mərkəzinin, Lənkəran şəhər təhsil şöbəsi nümayəndələrinin, Şürük və Səpnəkəran kənd orta məktəbləri şagirdlərinin, müəllim kollektivlərinin və valideynlərin iştirak etdikləri tədbir zamanı “Qaz cihazlarının istismarı zamanı təhlükəsizlik qaydalarına ciddi riayət edilməlidir”, “Respublika ərazisində ehtimal olunan təbii fəlakətlərdən mühafizə üsulları”, “Fövqəladə hallar haqqında ümumi anlayış” və “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?” mövzularında məruzələr dinlənilib.

Məktəblilərin asudə vaxtlarında yanğın və texniki təhlükəsizlik qaydaları ilə daha yaxından tanış olmaları üçün təhsil müəssisələrində mərtəbələr üzrə “Yanğına qarşı təbliğat guşəsi”nin yaradılması məqsədilə hazırlanmış təbliğat vasitələri məktəb rəhbərliyinə təqdim olunub.

Daha sonra məktəb binalarının təxliyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının, yanğın və texniki təhlükəsizlik qaydalarının tələblərinə riayət olunmasına nəzarətin artırılmasının, məktəbin əsas və ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanılmasının, yararsız vəziyyətdə olan elektrik naqillərinin və avadanlıqlarının yenisi ilə əvəz olunmasının, eləcə də ilkin yanğınsöndürmə vasitələri ilə məktəbin təchiz olunmasının vacibliyi məktəb rəhbərliyinin diqqətinə çatdırılıb.

Sonda “Hansı hallarda 112 qaynar xətlə əlaqə saxlamaq lazımdır?”, “Təbii qazdan istifadə etdikdə ehtiyatlı olun!” və “Zəlzələ vaxtı, ondan əvvəl və sonra özünə və başqalarına kömək etməyi bacar” mövzularında hazırlanmış yaddaş kitabçaları və vərəqələr tədbir iştirakçılarına paylanıb, “Dəm qazından zəhərlənmə hallarının yaranma səbəbləri”nə dair videoçarx nümayiş etdirilib, həmçinin iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR