Təhsil Nazirliyi şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan məktəblərinə yerdəyişməsi qaydalarını açıqlayıb

Təhsil Nazirliyi şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycan məktəblərinə yerdəyişməsi qaydalarını açıqlayıb
# 01 oktyabr 2013 09:00 (UTC +04:00)

Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, təhsil nazirinin əmri ilə təsdiq olunun Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi qaydalarına əsasən, xarici ölkəyə gedən şagirdin şəxsi işi valideynin ərizəsi əsasında verilir.

Məktəbin rəhbərliyinə rəsmi qaydada xəbərdarlıq etmədən şagirdin ölkədən xaricə getməsi məktəb direktorunun, sinif rəhbərinin və yerli icra hakimiyyətinin nümayəndəsinin iştirakı ilə tərtib edilən müvafiq aktla rəsmiləşdirilir, şagirdin şəxsi işi məktəbdə saxlanılmaqla onun kontingentdən xaric edilməsi barədə əmr verilir.

I-IX sinif şagirdinin valideyni (digər qanuni nümayəndə) övladının təhsilinin davam etdirməsi üçün seçdiyi məktəbin direktoruna ərizə ilə müraciət edir. Ərizəyə şagirdin əvvəl oxuduğu məktəbin direktoru tərəfindən təsdiq olunmuş qiymət cədvəli və ya fənlər üzrə cari qiymətlər cədvəli əlavə olunmaqla şagirdin müəyyən dövrə qədər təhsil aldığı barədə arayış əlavə olunur. Nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü həmin şagirdin qəbuluna imkan verdiyi halda, o, məktəbin müvafiq sinfinə qəbul olunur. Azərbaycana gələnədək ümumi orta təhsil səviyyəsini bitirib müvafiq təhsil sənədi almış şagird həmin sənəd və valideynin ərizəsi əsasında nəzərdə tutulan sinifdə şagird sayı və sinif otağının ölçüsü şagirdin qəbuluna imkan verdiyi halda, məktəbin X sinfinə qəbul edilir.

Azərbaycan dilini tədris dili səviyyəsində bildikləri halda, I-V sinif şagirdləri tədris Azərbaycan dilində olan siniflərə qəbul edilə bilərlər. Həmin şagirdlərin təlim dilini dəyişməsinə valideynin ərizəsinə əsasən məktəbdə baxılır. Tədris rus və ya gürcü dilində olan məktəblərə qəbul edilmiş şagirdlərə əvvəl oxuduqları məktəbdə tədris olunmayan fənlərdən (Azərbaycan dili, Azərbaycan tarixi, Azərbaycan coğrafiyası və s.) əlavə məşğələlər təşkil edilir. Xarici ölkələrdə Azərbaycan məktəblərindəki tədris dillərindən fərqli dildə təhsil almış uşaqların Azərbaycanın dövlət məktəblərinə qəbuluna valideynlərin (digər qanuni nümayəndələrin) və şagirdlərin arzularına əsasən, yalnız uyğun təlim dillərindən biri üzrə xüsusi hazırlıq keçib həmin dili mənimsədikləri təsdiq olunduğu halda, Təhsil Nazirliyi tərəfindən fərdi qaydada baxılıb razılıq verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR