Avronest Parlament Assambleyasının 3-cü sessiyası keçiriləcək

Avronest Parlament Assambleyasının 3-cü sessiyası keçiriləcək
# 20 may 2013 15:24 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov – APA. Mayın 27-29-da Brüsseldə Avronest Parlament Assambleyasının 3-cü sessiyası keçiriləcək. Bu barədə APA-ya Avronest PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanov məlumat verilib.

E. Süleymanov bildirib ki, sessiya çərçivəsində plenar iclasla bərabər assambleyanın 4 komitəsinin, Büronun, Belarus üzrə işçi qrupunun iclasları və yeni yaradılmaqda olan Qadınlar Forumunun qeyri-rəsmi görüşü keçiriləcək. Prosedur qaydalarına əsasən komitələrin iclaslarında müvafiq məruzələr müzakirə edilərək qəbul edildikdən sonra plenar iclasda həmin məruzələr yenidən müzakirəyə çıxarılmalı və onların əsasında qətnamə qəbul olunmalıdır.

E. Süleymanov qeyd edib ki, Sosial Məsələlər Komitəsi üzrə həmməruzəçilərin biri Ermənistan nümayəndə heyətinin üzvüdür: “Görünür, bu səbəbdən məruzədə “Şərq Tərəfdaşlığı” ölkələri arasında qapalı sərhədlərin mövcudluğu və onların açılmasına çağırış öz əksini tapıb. Burada söhbət Azərbaycanla Ermənistan arasında sərhədlərin bağlı olmasından gedir. Bizi narahat edən məqam ondan ibarətdir ki, sərhədlərin bağlanmasına gətirən səbəb göstərilmir və onun aradan qaldırılmasına çağırış xatırlanmır. Odur ki, Azərbaycan nümayəndə heyəti Sosial Məsələlər Komitəsinin məruzəsinə bir neçə düzəlişlər irəli sürüb və yeni müddəa təklifi ilə çıxış edib. Əlbəttə ki, bu təkliflər iki ölkə arasında sərhədlərin bağlanmasının səbəbi olan Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğal edilməsini, ölkəmizdə qaçqın və məcburi köçkünlər ordusunun mövcudluğunu diqqətə çəkir, onların öz evlərinə qayıtmaq hüquqlarının təmin edilməsinə dair tələbləri əks etdirir”.

Millət vəkili qeyd edib ki, Enerji Təhlükəsizliyi Komitəsi üzrə hazırlanmış məruzə bütövlükdə Azərbaycanın maraqları baxımından qənaətbəxş olsa da, Ermənistan nümayəndə heyətinin irəli sürdüyü bir neçə təklif müəyyən narahatlıq yaradır: “Belə ki, Ermənistan heyəti müxtəlif vəziyyətlərdə eyni xarakterli təkliflər irəli sürüb. Bu təkliflərin demək olar ki, hamısında “Şərq Tərəfdaşlığı” ölkələri arasında bağlı sərhədlərin açılmasına çağırış və enerji siyasəti məsələsində bütün “Şərq Tərəfdaşlığı” ölkələrinin eyni dərəcədə yararlanmasına çağırış var. Sözsüz ki, bu təkliflər Azərbaycanın maraqlarına ziddir və biz Ermənistan tərəfinin bu təkliflərinin qəbul edilməsinin qarşısını almağa çalışacağıq”.

E. Süleymanov xüsusi olaraq vurğulayıb ki, əsas mübarizə Siyasi Məsələlər Komitəsi üzrə məruzənin müzakirəsi ətrafında baş verəcək və indidən proqnozlaşdırmaq olar ki, bu zaman gərginlik qaçılmaz olacaq: “Əsas səbəb məruzənin hər bir “Şərq Tərəfdaşlığı” ölkəsi üçün prioritet olan təhlükəsizlik məsələlərinə həsr edilməsidir. Belə ki, “Şərq Tərəfdaşlığı” ölkələri olan Azərbaycan, Gürcüstan və Moldovanın ərazilərində münaqişələr mövcuddur, bundan əlavə bütün tərəfdaş ölkələr demokratik dövlət quruculuğu istiqamətində müxtəlif çağırışlar və təhdidlərlə üzləşirlər. Digər tərəfdən, məruzə layihəsinə 125 düzəliş təklif edilib və bir sıra hallarda bu təkliflər prinsipial xarakter daşımasa da, ölkəmizin maraqlarına uyğun gəlmir. Bir sıra təkliflər isə var ki, biz onların qarşısını birmənalı şəkildə almağa çalışacağıq. Misal üçün, belə təkliflərdən biri Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna (ŞT VCF) çoxtərəfli və ikitərəfli tədbirlərin həyata keçirilməsində, o cümlədən münaqişə zonalarından olan QHT-lərə və fəallara, hər iki icma arasında körpülər qurmaq üçün çalışan QHT-lərə konfrans və görüşlərdə iştirak etməyə çağırış edilən təklifi göstərmək istərdim. Bu təklif ilk baxışdan ciddi görünməsə də, ölkəmizin maraqları baxımından təhlükəlidir. Belə ki, cari ilin 4-5 aprel tarixində ŞT VCF-nin İdarə Heyətinin Yerevanda keçirilmiş iclasında separatçı rejimlərin nəzarəti altında olan ərazilərdə (Dağlıq Qarabağ, Abxaziya, Cənubi Osetiya və Dnestryanı) fəaliyyət göstərən QHT-lərin VCF-nin Moldovada keçiriləcək 5-ci illik görüşündə təmsilçiliklərinin təmin edilməsi məsələsi müzakirə edilib. Onların "Şərq Tərəfdaşları regionları" adı altında ŞT VCF-də müstəqil iştirak etmələri barədə Milli Platformalarının müzakirələrə başlaması haqda qərar qəbul olunub. Mən dərhal ŞT VCF-nin İdarə Heyətinə müraciət ünvanladım və bu qərara qəti etirazımı bildirdim. Lakin ŞT VCF-nun Rəhbər Komitənin həmsədrinin cavabı demək olar ki, məni sarsıtdı. Həmin cavab məktubunda vurğulanırdı ki, “Bu mövzuda Yerevanda etdiyimiz müzakirələrlə bağlı hazırda milli platformlarımızla məsləhətləşmələr aparılır və artıq məlumatlıyıq ki, Bakıdakı Milli Platformadan olan həmkarlarımız Dağlıq Qarabağdan Vətəndaş Cəmiyyəti Forumunun illik iclasında iştirak etmək üçün müraciət edən hər hansı QHT-nin yalnız Azərbaycan nümayəndə heyətinin üzvü kimi seçilə biləcəyini təkid edir. Rəhbər Komitə bu qərara hörmət edir və ona əməl edəcək”. Hesab edirəm ki, Azərbaycan Milli Platformasının bu təklifi bizim işimizi ciddi əngəl yaradacaq. Odur ki, onlar vaxt itirmədən öz təkliflərini geri götürməlidirlər. Belə ki, münaqişə öz həllini hələlik tapmayıb, separatçı rejimin nəzarəti altında olan QHT-lərinin təmsilçiləri yalnız etnik ermənilərdən ibarət olacaqlar və onlar birmənalı olaraq Ermənistanın mənafeyinə xidmət edəcəklər”.

E. Süleymanovun sözlərinə görə, Siyasi Məsələlər Komitəsinin məruzəsinə eyni zamanda Azərbaycanın maraqlarına uyğun olan bir sıra prinsipial təkliflər irəli sürülüb. Təkliflər tək Azərbaycan nümayəndə heyəti tərəfindən deyil, həm də Gürcüstan nümayəndə heyəti və bir sıra Avropa Parlamentinin təmsilçiləri tərəfindən irəli sürülüb. Bu təkliflərdə əsasən ŞT ölkələri ərazisində həll olunmamış silahlı münaqişələrin və işğal edilmiş ərazilərin mövcudluğu xatırladılır, BMT Nizamnaməsində, ATƏT-in Helsinki Yekun Aktında və digər müvafiq çoxtərəfli sənədlərdə tövsif edildiyi kimi, suverenlik, ərazi bütövlüyü, müstəqillik və sərhədlərin toxunulmazlığına Aİ-nin mühüm əhəmiyyəti vurğulanır, Rusiya hakimiyyətinə region ölkələrinin suverenliyinə və ərazi bütövlüyünə tam hörmətlə yanaşaraq və regional sabitliyə daha konstruktiv şəkildə təsir göstərməyə çağırış edilir. Həmin təkliflərdə həmçinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurası, AŞPA və AP-nin qətnamələrinin yerinə yetirməyin vacibliyi vurğulanır, işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən və digər Azərbaycan ərazilərindən silahlı qüvvələrin qeyd-şərtsiz çıxarılması və insan hüquqları kütləvi və kobud şəkildə pozulan və silahlı təcavüz nəticəsində qaçqın və məcburi köçkünə çevrilən bir milyona yaxın vətəndaşın hüquqlarının və onların öz evlərinə qayıdaraq təhlükəsiz yaşamasının təmin olunmasına çağırış edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR