Lənkəranda yeni teatr mövsümü başlayıb - FOTOSESSİYA

Lənkəranda yeni teatr mövsümü başlayıb - <span style="color: red;">FOTOSESSİYA
# 28 sentyabr 2013 15:21 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı özünün 123-cü mövsümünə başlayıb. APA-nın cənub bürosunun məlumatına görə, bu münasibətlə keçirilən açılış mərasimində teatrın direktoru İslam Həsənov və baş rejissoru Tural Mustafayev çıxış edərək kollektivin ötən mövsümdə qazandığı nailiyyətlərdən, cari mövsümdə qarşıda duran vəzifələrindən danışıblar. Bildirilib ki, bu il iyunun 25-də Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə milli teatrımızın 140 illiyi münasibətilə əməkdar artist Təvəkkül Əliyev “Tərəqqi” medalı ilə təltif olunub, aktyor Sucəddin Mirzəyev isə əməkdar atrist fəxri ada layiq görülüb. Teatrın daha 2 aktyoru – Eynəli Nuraleyev və Şahrud Mehdiyeva, həmçinin rəssam Məmmədyar Cəfərov Mədəniyyət və Turizm Nazirliyinin “Fəxri mədəniyyət işçisi” döş nişanı ilə təltif olunublar. Hazırda teatrda baş rejissor Tural Mustafayevin quruluşunda Aldo Nikolainin “Dəmir sinif” pyesi tamaşaya hazırlanır. Paralel olaraq Slovamir Mrojekin «Mühacirlər» əsəri üzərində də iş gedir. Bu tamaşaya Ukraynadan dəvət olunmuş rejissor Andrey Nepitalyuk quruluş verəcək. Tamaşa UNESCO xəttı ilə hazırlanır və təhvil verildikdən sonra 4 ölkənin teatrlarında müxtəlif dillərdə oynanılacaq. Kollektiv həmçinin cari mövsümdə bir neçə Beynəlxalq teatr festivalında Azərbaycanı təmsil edəcək.

Açılış mərasimindən sonra dramaturq Maarif Məmmədovun “Əcnəbi kürəkən” komediyası əsasında hazırlanmış yeni tamaşa təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR