Elnur Aslanov: “Dövlət bu gün hər bir vətəndaşın internetə rahat çıxış imkanı yaradılmasında bir nömrəli qarant rolundadır”

Elnur Aslanov: “Dövlət bu gün hər bir vətəndaşın internetə rahat çıxış imkanı yaradılmasında bir nömrəli qarant rolundadır”
# 18 sentyabr 2013 12:50 (UTC +04:00)

Minlərlə bloqqer Azərbaycanın internet məkanında sərbəst fəaliyyət göstərir, onlarla internet-radiolar, eyni sayda internet-televiziyalar, yüzlərlə elektron qəzet və jurnallar mövcuddur, əhali arasında Facebook, Twitter, Instagram kimi sosial şəbəkələr olduqca populyardır. Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib, eyni zamanda siyasi diskussiyaların, fikir mübadiləsinin aparıldığı bir məkan olub”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovun “AzərTAc” dövlət agentliyinə müsahibəsində deyib.

E. Aslanov artıq internetdən istifadənin Azərbaycan əhalisinin gündəlik həyat tərzinə daxil olduğunu bildirib: “Dövlət bu gün hər bir vətəndaşın internetə rahat çıxış imkanı yaradılmasında bir nömrəli qarant rolundadır. Müasir Azərbaycanda elektron demokratiya yüksək səviyyədə təmin olunur və ölkə bir sıra dövlətlərdə olduğu kimi internetin məhdudlaşdırılması ilə bağlı heç bir tədbir həyata keçirmir. Artıq respublika əhalisinin 70%-ə yaxını internet istifadəçisidir və bu rəqəm ilbəil artır. Cənab Prezident İlham Əliyev ucqar kəndlərə belə genişzolaqlı internetin çəkilməsi göstərişini verib və hazırda internetin vətəndaşlara daha əlçatan olması üçün dövlət tərəfindən həyata keçirilən tədbirlər sürətlə davam etdirilir. Müqayisəli təhlil aparsaq görərik ki, Azərbaycanda internet tariflərinin region ölkələri ilə müqayisədə aşağı olmasını təmin edilib. 2012-ci ildə genişzolaqlı internet üzrə orta qiymət əhalinin orta aylıq gəlirinin 2,5%-ni təşkil edib ki, bu da Beynəlxalq Telekommunikasiya İttifaqının inkişaf etməkdə olan ölkələrdə bu nisbətin 2015-ci ilədək 5%-dən az olması barədə hədəfinin artıq indidən təmin olunması deməkdir. Xüsusilə qeyd etməliyəm ki, cənab prezidentin siyasəti Azərbaycanda İKT sahəsinin maksimum inkişaf etdirilməsidir ki, bunun nəticəsi olaraq internet tariflərinin ucuzlaşdırılması tendensiyasının davam etdirilməsi kütləviliyi daha da artıracaq. Misal üçün, son 10 ildə Azərbaycanda 1 Mbit/s. internetin qiymətində təxminən 1200 dəfə ucuzlaşma qeydə alınıb. Bundan başqa ölkənin xarici tranzit dövlətlərdən internet asılılığına son qoyulub. Təkcə son 5 il ərzində Azərbaycanda internet xidmətləri bazarının 4 dəfə böyüməsi dövlətin bu sahəyə nə qədər prioritet istiqamət kimi yanaşdığını əyani şəkildə göstərir. Bura 2013-cü ilin Azərbaycanda İKT ili elan olunmasını, kadr bazasını möhkəmləndirmək üçün İnformasiya Texnologiyaları Universitetinin yaradılmasını, internet infrastrukturunun sürətlə müasirləşdirilməsini, fiber-optik kabel şəbəkəsinin durmadan genişləndirilməsini də əlavə etmək mənzərə daha da aydın olar. Azərbaycan hazırda bölgənin internet mərkəzidir. Təsadüfi deyil ki, Bakı VII İnternet İdarəçilik Forumu kimi nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi edib”.

İnternetin imkanlarından dövlət idarəçiliyində necə istifadə olunmasına gəldikdə, E. Aslanov bildirib ki, Azərbaycan hakimiyyəti internetə təkcə informasiya mübadiləsi məkanı kimi deyil, həm də hökumətin açıq və şəffaf fəaliyyətinin təmin olunması, vətəndaşların idarəçilik proseslərinə cəlb edilməsinin yeni imkanları kimi baxır: “Elektron hökumət layihəsi, vaxtaşırı cənab prezidentin facebook səhifəsində dövlət qurumlarının vətəndaşların suallarını cavablandırması üçün platformaların yaradılması, ölkədə elektron sənəd dövriyyəsi sisteminin formalaşdırılması məhz bu missiyaya xidmət edir. Xüsusilə əhaliyə xidmət sahəsində elektron sənəd dövriyyəsinin getdikcə böyüməsi həyata keçirilən bütün işlərin mərkəzində Azərbaycan vətəndaşının dayandığına növbəti sübutdur. İnternetin online imkanlarının geniş istifadə olunduğu “ASAN xidmət” mərkəzlərinin ölkə boyu genişləndirilməsində, vətəndaşların elektron xidmətlərdən daha çox faydalanması üçün hətta dövlət başçısının özünün şəxsi nümunə göstərməsində məhz bu iradə həlledici rol oynayır. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi hallarda Azərbaycanda sürətli inkişafa qərəzli münasibət bəsləyən, erməni lobbi təşkilatlarına yaxınlığı ilə seçilən bir sıra təşkilatlar reallıqdan uzaq, saxta rəqəmlər əsasında, böhtan xarakterli məlumatlar yayaraq ölkənin müsbət imicini zədələləməyə çalışırlar. Sifariş yerinə yetirən bu cür təşkilatlar reallığı təhrif etmək gücündə deyil, onların fəaliyyəti konkret faktlar əsasında daim ifşa olunur və bundan sonra da ifşa olunacaq”.

İnternetin seçkilərdə şəffaflıq göstəricisi ola biləcəyi məsələsinə münasibət bildirən şöbə müdiri artıq prezident seçkisinə gedən namizədlər və onların təşviqat qruplarının internetdə sosial şəbəkələr vasitəsilə geniş təbliğat işi apardıqlarını diqqətə çatdırıb: “Hətta ayrı-ayrı şəxslərin Facebook, Twitter səhifələrində paylaşdıqları statuslar media, qəzet səhifələrində əksini tapır. Bu faktın özü Azərbaycanda internetin nə qədər azad məkan olduğunu göstərir. Eyni zamanda budəfəki prezident seçkisində 1000-ə qədər seçki məntəqəsində veb-kameraların quraşdırılması, ölkədə, xaricdə olmasından asılı olmayaraq hər kəsə seçkinin gedişatı ilə sərbəst tanış olmaq imkanının yaradılması prosesin şəffaf keçirilməsinə online nəzarət olmaqla yanaşı, həm də Azərbaycanda açıq cəmiyyətin, internet şəffaflığının bariz nümunəsidir. Bu gün ölkədə ən yeni texnologiya – 4G tətbiq edilir. Dövlət, internet mediasının inkişafını, internetdə fikir və söz azadlığını, sosial şəbəkələrin genişlənməsini dəstəkləyir. “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da internetin imkanlarından daha geniş yararlanmaq, qabaqcıl texnologiyaları Azərbaycana gətirməyi davam etdirmək kimi mühüm hədəflər müəyyən edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR