“Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının təqdimatı keçirilib

“Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının təqdimatı keçirilib
# 16 aprel 2014 12:42 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) qərargahında “Cənubi Azərbaycan ədəbiyyatı tarixi” kitabının təqdimat mərasimi keçirilib.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən VHP sədri Sabir Rüstəmxanlı bildirib ki, Cənubi Azərbaycan ədəbiyyatının öyrənilməsi, araşdırılması olduqca mühümdür. S. Rüstəmxanlı qeyd edib ki, sözügedən ədəbiyyatın öyrənilməsi Mirzə İbrahimovun adı ilə bağlıdır: “O, çox böyük yazıçı, mütəfəkkir və alim idi. Məhz onun təşəbbüsü ilə akademiyada Cənubi Azərbaycan şöbəsi yaradıldı, bununla bağlı silsilə kitablar yayıldı. Hesab edirəm ki, kitabın ərsəyə gəlməsində əməyi olan Rəhim Əliyev də Mirzə İbrahimovun layiqli davamçısıdır, Azərbaycan ədəbiyyatşünaslığının çox dəyərli yazıçılarından biridir. Cənubi Azərbaycan ədəbiyyatını öyrənmək və onu nəşr etməyi Rəhim Əliyev kimi ziyalı bacara bilərdi. Çünki Cənubi Azərbaycan ədəbiyyatından yazmaq üçün ərəb ədəbiyyatını mükəmməl bilmək lazımdır. Ümumiyyətlə, bugünkü Güney Azərbaycan ədəbiyyatı son dərəcə müasir ədəbiyyatdır. Əslində isə Güney və Quzey Azərbaycan bir-birindən nə dil, nə düşüncə, nə mövzu, nə də düşüncə tərzi baxımından ayrılmayıblar”.

Kitabın məsul redaktoru Rəhim Əliyev isə çıxışında bildirib ki, Cənubi Azərbaycan ədəbiyyatı sayəsində böyük bir ədəbi məktəb meydana gəlib: “Cənubi Azərbaycan ədəbiyyatı olduqca zəngindir”.

Qeyd edək ki, kitabda 1900-cü ildən bəri Cənubi Azərbaycanda yaranmış ədəbiyyat, mətbuat, folklorşünaslıq, ədəbiyyatşünaslıq və publisistikanın inkişafı təhlil və təqdim olunur. Əsas məqsəd Cənubi Azərbaycanda yaşayıb-yaratmış, yazıçı, şair və alimlərin tanıdılmasıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR