İran hökuməti edam cəzası icra edilmiş məhbusun yenidən dar ağacından asılmasına qarşı çıxıb

İran hökuməti edam cəzası icra edilmiş məhbusun yenidən dar ağacından asılmasına qarşı çıxıb
# 22 oktyabr 2013 09:02 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İran hökuməti edam cəzası icra edilmiş məhbusun yenidən dar ağacından asılmasına qarşı çıxıb.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, İranın ədliyyə naziri Mustafa Purməhəmmədi bildirib ki, artıq həmin şəxsin ölüm hökmünün yenidən icrasının qarşısının alınması üçün İran Məhkəmə Sisteminin rəsmiləri ilə danışıqlar konstruktiv olub.

Onun sözlərinə görə, hökumət bu məsələdə məhkəmənin çıxardığı qərarlara tabedir və edam cəzasının icra olunmasını dəstəkləyir: “Ancaq həmin şəxsin yenidən edam edilməsi məsləhət deyil və hökmün icrasını dayandırmaq üçün bir yol tapmağa çalışırıq. Mən müxtəlif səbəblərdən, o cümlədən daxili, mədəni, xüsusilə beynəlxalq məsələlərə görə həmin şəxsin barəsində ölüm hökmünün yenidən icra edilməsinə qarşıyam”.

Qeyd edək ki, İranın Şimali Xorasan vilayətinin mərkəzi narkotik maddələrin qaçaqmalçılığında günahlandırılan 37 yaşlı bir məhbus Bocnurd şəhərinin həbsxanasında edam edilib. Əlirza adlı şəxs 12 dəqiqə dar ağacından asılı vəziyyətdə qalıb və həkimlər də onun ölməsini təsdiqləyiblər. Ancaq üç il bundan əvvəl həbs edilərək ölüm cəzasına məhkum olunmuş məhbusun cəsədinin ertəsi gün dəfn olunmaq üçün ailəsinə təhvil verilməsi qərara alınıb. Bu baxımdan meyiti İran Məhkəmə Tibbi Ekspertizasının morquna göndəriblər. Lakin ertəsi gün meyitxananın işçilərindən biri onun nəfəs aldığını görüb, daha sonra məhbus dövlət xəstəxanalarından birinə köçürülüb. Hazırda polis nəzarəti altında olan həmin şəxsin vəziyyətinin yaxşı olduğu bildirilir. Ailəsinin onun həyatda olmasına sevinməsinə baxmayaraq, məhbusun vəziyyətinin daha da yaxşılaşmasından sonra ölüm hökmünün təkrar icra ediləcəyi açıqlanıb. Ancaq bu addım ölkə daxilində və xaricində ciddi narazılığa səbəb olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR