Azərbaycanın Respublika Günü Vaşinqtonda təntənəli qeyd olunub - FOTOSESSİYA

Azərbaycanın Respublika Günü Vaşinqtonda təntənəli qeyd olunub - <span style="color: red;">FOTOSESSİYA
# 30 may 2014 09:07 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyi tərəfindən Vaşinqtonda Respublika Gününü qeyd etmək məqsədilə təntənəli ziyafət təşkil olunub. Səfirlikdən APA-ya verilən məlumata görə, bu münasibətlə tədbir günü ABŞ paytaxtının ən mötəbər tarixi binalarından biri olan “Endryu Mellon Auditorium” (Andrew Mellon Auditorium) öz qapılarını səfirliyin 700-dən artıq qonağının üzünə açıb.

Ziyafətdə ABŞ administrasiyasının yüksək vəzifəli rəsmiləri, Konqres üzvləri Mayk Törner (Mike Turner – Ohayo ştatı), Henri Kueler (Henry Cuellar – Texas ştatı), Donald Peyn (Donald M. Payne – Nyu Cersi ştatı), Şila Cekson Li (Sheila Jackson Lee – Texas ştatı), Cim Moran (Jim Moran – Virginiya ştatı) və Stiv Stokman (Steve Stockman - Texas ştatı), Azərbaycan milli ordusunun tərəfdaşı olan Oklahoma Milli Qvardiyası komandanının müavini, general Qreqori Ferquson (Gregory L. Ferguson) və ABŞ hərbi qüvvələrinin digər yüksək rütbəli zabitləri, Vaşinqtonda akkreditə olunmuş çoxsaylı səfir və digər diplomatik post sahibləri, eləcə də ABŞ-dakı Azərbaycan, türk və yəhudi icmasının nümayəndələri iştirak ediblər.

Tədbirin əvvəlində Argentina əsilli müğənni Mariya Entragusun (Maria Entraigues) ifasında Azərbaycan və ABŞ milli himnləri canlı şəkildə səsləndirilib. Bunun ardınca qonaqları salamlayan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov bir rəmz olaraq Azərbaycanın dövlətçilik ənənələrinin nəsillərdən-nəsillərə ötürülməsi və onun müstəqil Azərbaycan Respublikasının timsalında bərpa edilməsində Respublika Gününün malik olduğu əhəmiyyət barədə fikirlərini bölüşüb. O, yekunda Azərbaycan-ABŞ münasibətlərinin davamlı inkişafına inamını ifadə edib.

ABŞ-ın enerji nazirinin köməkçisi Conatan Elkaynd (Jonathan Elkind) çıxışında Azərbaycanı ABŞ-ın mühüm tərəfdaşı kimi qəbul etdiklərini söyləyib və qarşılılıqlı münasibətlərin sütunları olaraq siyasi, təhlükəsizlik və enerji istiqamətləri üzrə görülən işləri və atılan addımları sadalayıb. İlk dəfə 20 il öncə “Əsrin Müqaviləsi”nin imzalanması mərasiminə qatılmaq üçün Azərbaycana səfər etmiş C. Elkaynd ötən illər ərzində Azərbaycanda müşahidə etdiyi inkişafı qeyd edib. O, xüsusilə cavabdeh olduğu enerji sahəsindən söz açaraq, regionun enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın oynadığı rola toxunub, 2013-cü il dekabrın 17-də Bakıda “Şahdəniz” layihəsi üzrə yekun sərmayə sənədinin imzalanması kimi mühüm bir hadisəyə şəxsən şahidlik etdiyini deyib və Xəzər dənizi hövzəsindən Avropaya təbii qaz ixrac edəcək Cənub Qaz Dəhlizinə ABŞ-ın dəstəyini bəyan edib.

ABŞ Konqresində Azərbaycan-ABŞ dostluq qrupunun üzvü olan Ş. Cekson Li Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edərək, ölkələr arasında möhkəm tərəfdaşlıq və məhsuldar əməkdaşlığın genişləndirilməsindən danışıb.

Bundan sonra Vaşinqton şəhər meriyasının protokol və beynəlxalq əlaqələr katibliyinin rəhbəri Patrisia Elvud (Patricia Elwood) Vaşinqton şəhəri meri Vinsent Qreyin (Vincent C. Gray) təbrik Bəyannaməsini ziyafət iştirakçılarına oxuyub.

Çıxışların ardınca natiqlər və tədbirə qatılmış yüksək səviyyəli iştirakçıların müşayiətində səfir Elin Süleymanov qonaqları öz qədəhlərini Azərbaycan-ABŞ dostluğunun uğuruna qaldırmağa çağırıb. Ziyafət iştirakçılarına Azərbaycan mətbəxinin nümunələrinin də daxil olduğu süfrə açılıB və tədbir rəngarəng musiqi proqramı ilə davam edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR