ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları pozan daha bir neçə fiziki və hüquqi şəxsi “qara siyahı”ya salıb

ABŞ Maliyyə Nazirliyi İrana qarşı sanksiyaları pozan daha bir neçə fiziki və hüquqi şəxsi “qara siyahı”ya salıb
# 07 fevral 2014 11:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ Maliyyə Nazirliyi Avropa və Yaxın Şərqdə fəaliyyət göstərən bir neçə fiziki və hüquqi şəxsi “qara siyahı”ya salıb.

APA-nın “Radiofərda”ya istinadən verdiyi məlumata görə, buna səbəb həmin fiziki və hüquqi şəxslərin İrana bu ölkəyə qarşı tətbiq edilmiş beynəlxalq sanksiyaları pozmaqda yardım göstərməsidir. Bununla da onların ABŞ maliyyə sisteminə daxil olmasının qarşısı alınıb.

ABŞ Maliyyə Nazirliyi fevralın 6-da yaydığı bəyanatda İrana qarşı sanksiyaları pozan şirkətlərin cəzalandırılması istiqamətində yeni addımlar atılacağını və bu ölkəyə qarşı mövcud sanksiyaların davam etməsi üçün öhdəlik daşıdığını bildirib.

Sənəddə həmçinin Türkiyə, İspaniya, Almaniya, Gürcüstan, Əfqanıstan, İran, Lixtenşteyn və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) olan fiziki və hüquqi şəxsi “qara siyahı”ya salındığı açıqlanıb.

Bəyanatda həmçinin həmin fiziki və hüquqi şəxslərin İrana neftin satışı, bu ölkəyə hərbi texnologiya göndərməkdə, İspaniya şirkətlərinin isə Tehrana nüvə texnologiyasına sahib olmağa yardım göstərərək maliyyə sanksiyalarını pozduqları vurğulanır. Eyni zamanda sənəddə həmin şirkətlərdən bəzilərinin Əfqanıstan və Suriyada İranın dəstəyi ilə fəaliyyət göstərdikləri qeyd olunur.

Qeyd edək ki, ABŞ Maliyyə Nazirliyi 2013-cü il noyabrın 24-dən (Cenevrə razılaşması) sonra ikinci dəfədir belə bir addım atır. Bu il yanvarın 20-dən ABŞ, Avropa Birliyi və bəzi ölkələr İrana qarşı birtərəfli sanksiyaları aradan qaldırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR