Rusiya Azərbaycanla Mi-35M helikopterlərinin alğı-satqısına dair müqavilənin şərtlərini yerinə yetirib - FOTOSESSİYA

Rusiya Azərbaycanla Mi-35M helikopterlərinin alğı-satqısına dair müqavilənin şərtlərini yerinə yetirib - <span style="color: red;">FOTOSESSİYA
# 17 may 2013 09:06 (UTC +04:00)

Moskva. Fərid Əkbərov - APA. Rusiyanın paytaxtı Moskva şəhərində “Helirussia-2013” beynəlxalq helikopter sərgisinin açılışı olub. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, “Crocus” Sərgi Mərkəzində keçirilən sərginin təşkilatçısı Rusiya Federasiyası Sənaye və Ticarət Nazirliyidir. Sərgidə dünyanın müxtəlif ölkələrindən helikopter və helikopterlər üçün müasir texniki avadanlıqların istehsalı ilə məşğul olan şirkətlər iştirak edir.

Ümumilikdə 200-dən çox şirkətin iştirak etdiyi “Helirussia-2013” sərgisinin açılış mərasimində Rusiya baş nazirinin müavini Dmitri Roqozin iştirak edib. Artıq 6-cı dəfə keçirilən sərgidə Rusiya, ABŞ, Ukrayna, Kanada və digər ölkələrdən şirkətlər təmsil olunur.

Sərgidə diqqət çəkən məqamlardan biri yeni Mi-171A2 helikopterinin təqdimat mərasimi olub. Sərgi iştirakçılarının marağına səbəb olan bu helikopter Mi-17 tipli helikopterin modernləşdirilmiş variantıdır. Helikopterin texniki xarakteristikası tamamilə müasirləşdirilib. “Vertolyotı Rossii”nin stendində nümayiş olunan Mi-171A2 helikopteri artıq bu ildən satışa çıxarılıb.

“Vertolyotı Rossii” şirkətinin marketinq departamentinin baş meneceri Vladimir Beznisko APA-nın Moskva müxbirinə açıqlamasında Mi-171A2 helikopterinin hələlik Rusiyanın daxili bazarında satıldığını söyləyib. Onun sözlərinə görə, yeni VK-2500 mühərriki ilə təchiz olunan bu helikopter həm sərnişin daşınması, nəqliyyat və xilasetmə üçün istifadə olunacaq.

V. Beznisko Azərbaycana öz məhsullarını təklif etmək istədiklərini bildirib: “Hələlik Azərbaycan tərəfindən Mi-171A2 helikopterinin alınması ilə bağlı bizə təklif gəlməyib. Azərbaycan tərəfi bizdən əsasən “Mi-17” və “Mi-35M” hərbi helikopterlər alır. 2010-cu ildə Azərbaycan bizə Mİ-35M helikopterləri sifariş vermişdi. Azərbaycan tərəfi ilə bağlanan müqaviləyə əsasən Mi-35M helikopterlərinin alğı-satqısına dair müqavilənin şərtləri yerinə yetirilib. Artıq sifarişlər tamamlanıb, helikopterlər Azərbaycana göndərilib”.

Qeyd edək ki, “Helirussia-2013” beynəlxalq helikopter sərgisi mayın 18-dək davam edəcək.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR