Xalq yazıçısı Elçinin anadan olmasının 70 illiyinə həsr olunmuş elmi sessiya keçirilib - FOTO

Xalq yazıçısı Elçinin anadan olmasının 70 illiyinə həsr olunmuş elmi sessiya keçirilib - <span style="color: red;">FOTO
# 12 iyun 2013 09:27 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə xalq yazıçısı, filologiya elmləri doktoru, professor Elçinin anadan olmasının 70 illiyinə həsr olunmuş elmi sessiya keçirilib.

APA-nın xəbərinə görə, elmi sessiyada çıxış edən AMEA-nın vitse-prezidenti Isa Həbibbəyli Elçin Əfəndiyevin Azərbaycan ədəbiyyatı, ictimai-siyasi həyatındakı rolundan danışıb.

O bildirib ki, bu gün Azərbaycanda Elçin Əfəndiyevin dramaturgiyasına əsasən teatr məktəbi yaradılıb: “Xalq yazıçısının əsərlərinin coğrafiyası fərqlidir. Yazıçının qəhrəmanları şəhərətrafı mühitin, daha çox Abşeron mühitini əhatə edən qəhrəmanlardır. Bu qəhrəmanların fərqliliyi ilə Elçin Əfəndiyev yaradıcılığındakı bənzərsizliklərlə daha da zənginləşdirib. Onun əsərləri müstəqil ədəbiyyatın inkişafına təkan verir”.

İ.Həbibbəyli Elçin Əfəndiyevin ölkənin siyasi həyatındakı rolundan və xidmətlərindən də danışıb.

Tədbirin ideya müəllifi Şirindil Alışanlı isə Azərbaycanın ictimai fikrində Elçinin böyük söz sahibi olduğunu deyib. Elçin Əfəndiyevin ədəbiyyata 60-cı illərdə gəldiyini deyən Ş.Alışanlı qeyd edib ki, 60-cı illər nəslinin nümayəndələri ədəbiyyata yeni nəfəslər, janrlar, qəhrəmanlar gətirib: “Onun hekayələri, romanları, povestləri, dramaturgiyası bu gün bizim ədəbiyyatımızı dünya ədəbiyyatına tanıdır. Bu gün bizim ictimai fikrimizdə, tənqidimizdə, teatrımızda Elçinin xətti, əsərləri ilə böyük məktəblər yaradılıb. Artıq Azərbaycanda Hüseyn Cavid, Cəfər Cabbarlı teatrı olduğu kimi, Elçin Əfəndiyev teatrı da formalaşıb. Bu gün Azərbaycanın müasir teatrını Elçinin dramaturgiyası olmadan düşünmək çətindir. Elçin böyük hekayə ustası, romanlar müəllifidir. O, bu gün tənqidimizin ən mühüm söz sahibidir. 50 ildən artıqdır ədəbiyyatşünaslıq tənqidlə məşğuldur, bir çox monoqrafiyaların müəllifidir. Məmməd Arif, Yaşar Qarayev, Məmməd Cəfər tənqidi kimi bu gün ədəbiyyatımızda Elçin Əfəndiyevin tənqidi də var. Elçin Əfəndiyev əbədi prosesi daim izləyir, hadisələri vaxtında dəyərləndirən görkəmli tənqidçidir”.

Yubilyar Elçin Əfəndiyev də bildirib ki, Ədəbiyyat İnstitutunun təşkilatçılığı ilə keçirilən bu tədbirdə iştirak etmək xoşdur. Onun sözlərinə görə, həyatının gənclik dövrünün ilk 10 ili məhz bu institutla bağlıdır və burada aspirant, nəzəriyyə şöbəsində kiçik və böyük elmi işçi işləyib: “Ədəbiyyat İnstitutu ədəbiyyatımızın inkişafında çox böyük və səmərəli fəaliyyət göstərmiş elm ocağıdır. Azərbaycan ədəbiyyatşünaslığının inkişafında, onun nəzəri bazasının möhkəmlənməsində, genişlənməsində çox böyük rolu olub. Bu institutun çox böyük ənənələri var. Böyük ədəbiyyatşünaslar, nəzəriyyəçilər, tənqidçilər burada çalışıblar. Bir sıra tanınmış ədəbiyyatçılar-akademik Məmməd Arif, Məmməd Cəfər, Məmmədhüseyn Təhmasib, sonrakı dövrün nümayəndələri olan Məsud Əlioğlu, Bəkir Nəbiyev kimi insanlarla birgə çalışmışam. Bu insanların sayını saymaqla qurtarmaq olmaz. Mən onların ruhunu bir daha yad edirəm. Onların qoyduğu ədəbiyyat ənənələri isə bu gün institutda davam edir. Bu institut bu gün də ədəbiyyatın inkişafında fədakarcasına fəaliyyət göstərir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR