Azərbaycanda dərmanların vahid qiymətə satılması ilə bağlı sənədlər paketi Nazirlər Kabinetinə təqdim edilib

Azərbaycanda dərmanların vahid qiymətə satılması ilə bağlı sənədlər paketi Nazirlər Kabinetinə təqdim edilib
# 31 oktyabr 2013 09:50 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanda dərmanların vahid qiymətə satılması ilə bağlı hazır sənədlərin paketi Nazirlər Kabinetinə təqdim edilib.

APA-nın xəbərinə görə, səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə açıqlamasında deyib ki, iyul ayında dərmanların vahid qiymətə satılması ilə bağlı Səhiyyə və İqtisadi və Sənaye nazirlikləri birgə ilkin təkliflər paketi hazırlayaraq Nazirlər Kabinetinə təqdim edib: “İndi isə hazır sənədlərin paketi hökumətə təqdim olunub. Buraya dərmanların vahid qiymətə satılması ilə əlaqədar qaydalar və nəzarət mexanizmini əks etdirən Əsasnamə, eyni zamanda vahid qiymətin formalaşmasını əsaslandıran qaydalar daxildir”.

Nazir müavini dərmanların apteklərdə saxlanma şəraitinə də aydınlıq gətirib. Onun sözlərinə görə, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi tərəfindən dərmanların saxlanması və digər qaydalara nəzarət olunur: “Bu araşdırma və yoxlamalar İqtisadiyyat və Sənaye Nazirliyinin əməkdaşları ilə birgə keçirilir. Bu sahədə irəliləyiş çoxdur. Apteklərdə saxta dərmanların satışı əhəmiyyətli dərəcədə azalıb. Az hallarda saxtakarlıq hallarına rast gəlinir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR