OPEK: Oktyabrda İranın gündəlik xam neft hasilatı 16 300 barel azalıb

OPEK: Oktyabrda İranın gündəlik xam neft hasilatı 16 300 barel azalıb
# 14 noyabr 2013 16:31 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Noyabrın 13-də Neft İxrac edən Ölkələr Təşkilatı (OPEK) növbəti aylıq hesabatını açıqlayıb.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, sənəddə bildirilir ki, bu ilin oktyabr ayında İranın gündəlik xam neft hasilatı sentyabr ayı ilə müqayisədə 16 300 barel azalıb. Belə ki, İranın gündəlik xam neft hasilatı oktyabr ayında 2 mln. 651 min barel olub. Bu rəqəm isə İranın gündəlik xam neft hasilatında 2011-ci ilin eyni ayı ilə müqayisədə 977 min barel, 2012-ci ilin eyni ayı ilə müqayisədə 222 min barel azalma olduğunu göstərir.

Beynəlxalq Valyuta Fondu (BVF) da noyabrın 12-də yaydığı hesabatda İranın gündəlik xam neft hasilatının bu il 2,5 mln. barel, 2014-cü ildə isə 2,4 mln. barelə düşəcəyinin proqnozlaşdırıldığını açıqlayıb.

Ancaq İran bu ilin sentyabrında gündəlik xam neft hasilatının 3 mln. 517 min barel olduğunu göstərib. Rəsmi Tehran həmçinin bu ilin oktyabrında gündəlik xam neft hasilatının 3 mln. 200 min barel olduğunu elan edib. Bu da İranın gündəlik xam neft hasilatının 317 min barel azaldığını göstərir. Lakin İran son iki ay ərzində OPEK-ə təqdim etdiyi statistik məlumatlarda gündəlik xam neft hasilatının 3 mln. 700 min bareldən çox olduğunu açıqlayıb. Yəni İranla OPEK-in verdiyi statistik rəqəmlər arasında ziddiyyətlər hələ də davam edir.

OPEK həmçinin bu ilin oktyabr ayında quruma üzv 12 ölkənin gündəlik xam neft hasilatının ümumilikdə 29 mln. 894 min barel olduğunu bəyan edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR