Bakıda Almaniya Bundestaqının Beynəlxalq parlament təqaüdü proqramının təqdimatı olub

Bakıda Almaniya Bundestaqının Beynəlxalq parlament təqaüdü proqramının təqdimatı olub
# 22 noyabr 2013 10:01 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Azərbaycan Diplomatik Akademiyasında (ADA) Almaniya Bundestaqının Beynəlxalq parlament təqaüdü (İPS) proqramının təqdimatı keçirilib. APA-nın məlumatına görə, tədbirdə iştirak etmək məqsədilə deputat Bernhard Şulte-Druggeltenin rəhbərliyi ilə Almaniya Bundestaqının nümayəndə heyəti Bakıya səfər edib.

Təqdimatda çıxış edən deputat bildirib ki, beynəlxalq parlament təqaüdü hər il 28 ölkədən ümumilikdə 120 nəfərə 5 ay ərzində verilir. Onlara 2014-cü ilin 3 martından 2014-cü ilin 31 iyuluna qədər Almaniyanın parlament sistemi ilə tanış olmaq imkanı veriləcək. Proqramın məqsədi siyasi və demokratik qərarvermənin bilavasitə şahidi olmağa imkan yaratmaqdır. Seçiləcək şəxslər bu müddət ərzində bir Bundestaq deputatının ofisində çalışacaqlar və Berlin universitetlərinin birində təhsil alacaqlar. Bundan əlavə, onlar əlavə mühazirələr və təhsil tədbirlərində iştirak edə bilərlər.

Proqram Almaniya Bundestaqı prezidentinin himayəsi altındadır və 3 Berlin universiteti ilə birlikdə həyata keçirilir. Bütün yol, yaşayış və sığorta xərcləri, aylıq təqaüd daxil olmaqla, Almaniya Bundestaqı tərəfindən ödənilir.

Qeyd edək ki, hər il dekabr ayından başlayaraq Almaniya Federativ Respublikasının Azərbaycandakı səfirliyində IPS proqramında iştirak etmək ucun sənəd qəbuluna start verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR