İSESCO-nun eksperti: “İslam ölkələrindəki urbanizasiyalaşmış ərazilərdə böyük çirklənmə mövcuddur”

İSESCO-nun eksperti: “İslam ölkələrindəki urbanizasiyalaşmış ərazilərdə böyük çirklənmə mövcuddur”
# 08 noyabr 2013 08:49 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. “Küçə uşaqlarının cəmiyyət tərəfindən qəbul olunması, onlara hüquqi xidmətlərin göstərilməsi sual altındadır. Bu kimi problemlər üzv ölkələr tərəfindən təmin olunmalıdır”. APA-nın xəbərinə görə, bunu İSESCO-nun eksperti Sadiq Rəşid deyib.

O bildirib ki, İslam ölkələrində uşaqların hüquqlarının müdafiəsi sahəsində bir çox problemlər var: “Bu kimi problemlərə diqqət ayrılıb və qənaətbəxş nəticələr var. Amma urbanizasiyalaşmış ərazilərdə, kasıb ölkələrdə uşaqlar aclıq çəkirlər ki, bu da vəziyyətin daha pis olmasını göstərir. Biz bu problemlərə biganə qala bilmərik. Bugünkü konfrans da buna müsbət təsir göstərməlidir. İslam ölkələrinin 7 faizi urbanizasiyadan keçib. Afrikada bu göstərici daha yuxarıdır. Ümumiyyətlə, üzv ölkələrin 11-də 70 faizdən yuxarı, 27-də isə 50-70 faizdir. Bizim üzv ölkələrdə şəhər əhalisinin 80 faizindən çoxu İslam ölkələrində yaşayır. İslam ölkələrindəki həmin urbanizasiyalaşmış ərazilərdə böyük çirklənmə vəziyyəti mövcuddur”.

S.Rəşid onu da əlavə edib ki, üzv ölkələr uşaqların müdafiəsi məsələsinə böyük diqqət ayırmalıdır: “Şəhərlərdən kənarda vəziyyət daha gərgindir. Uşaq ölümünün azaldılması, anaların sağlamlığının təmin olunması, onların hüquqlarının müdafiə olunması bu gün əsas vəzifələrdən biri olmalıdır. Asiya, Afrika və ərəb ölkələri regionlarında uşaqların vəziyyəti də ürək açan deyil. Diqqət etsək, görərik ki, yaxın zamanda 28 ölkə bu hədəfə çatacaq. Amma digər ölkələrdə bu müşahidə olunmur. 12 ölkədən 7-də uşaqların doğum norması digərlərinə nisbətən daha yaxşıdır. Ölüm norması kasıb ölkələrdə 2 dəfə yüksəkdir. Uşaqların qidalanması ilə də bağlı problemlər var. Kəndlərdə uşaqların çəkisi şəhərdə uşaqlara nisbətdə 2 dəfə azdır. Kasıb ölkələrdə uşaqların səhiyyə xidmətlərinə çıxışı yox dərəcəsindədir. Uşaqların istər müalicəsi, istərsə də qidalanması kasıb ərazilərdə çox pisdir, onlara pis xidmət göstərilir. Qadınların 3 faizi ixtisaslı həkimlər vasitəsilə müayinə oluna bilir, bu sahədə də vəziyyət yaxşı deyil. Təxminən 34 faizinin doğumuna yardım göstərilir. Bu da şəhər əhalisi ilə kənd əhalisi arasında daha bir bərabərsizliyin göstəricisidir. O cümlədən peyvəndlənmə ilə bağlı problemlər var. Zəngin ölkələrlə müqayisədə çox bu göstərici çox zəifdir. 2 milyon uşaq su və kanalizasiya xidmətləri göstərilmədiyi üçün ölür. Uşaqların təhsil almasında da problemlər var”.

Ekspert qeyd edib ki, üzv ölkələrdə küçə uşaqlarının da olması danılmazdır: “Müxtəlif səbəblərdən onlar bu vəziyyətə düşürlər və gəlir əldə etmək üçün şəhərlərə gedirlər. Bəzi özəl təşkilatlar, QHT-lər onlara dəstək olur. Eyni zamanda uşaq əməyinin istismar olunması da bu ölkələrdə yüksəkdir. Bunun qarşısını almaq üçün müəyyən yollar var. Uşaqlara sığınacaq verilməsi İslam ölkələrində çox böyük problemdir. Biz bu ciddi problemə gözü yuma bilmərik. Bu problemlərin həll olunmasına öz töhfəmizi verməliyik”.

Qeyd edək ki, bu gün Bakıda İslam Təhsil, Elm, Mədəniyyət Təşkilatının (İSESCO) üzv ölkələrinin uşaq məsələləri üzrə məsul nazirlərin IV konfransı çərçivəsində “İslam dünyasında uşaqlar və urbanizasiya problemləri” mövzusunda baş ekspertlərin hazırlıq görüşü keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR