Azərbaycanda Dəniz Limanları Reyestri yaradılacaq

Azərbaycanda Dəniz Limanları Reyestri yaradılacaq
# 26 fevral 2014 13:40 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda yaxın vaxtlarda Dəniz Limanları Reyestrinin yaradılması nəzərdə tutulub. Milli Məclisdən APA-ya verilən məlumata görə, bu məsələ yeni hazırlanmış «Dəniz limanları haqqında» qanun layihəsində əksini tapıb.

Yeni qanunda bununla bağlı ayrıca nəzərdə tutulmuş maddə 9-da göstərilir ki, ölkədə limanlar Azərbaycan Dəniz Limanları Reyestrində dövlət qeydiyyatına alınacaq. Qanuna görə, Dəniz Limanları Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılacaq, Reyestrin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən ediləcək.

Dəniz Limanları Reyestrinə limanın adı, qeydiyyat nömrəsi, liman idarəsinin adı və ünvanı, xidmətlərin göstərilməsi üçün limanın açılması haqqında qərarın tarixi və nömrəsi, dəniz terminallarının operatorları, habelə onlar tərəfindən həyata keçirilən xidmətlərin siyahısı, limanın əsas texniki xarakteristikaları, o cümlədən onun yüklərin aşırılması, gəmilərə və (və ya) sərnişinlərə xidmət göstərilməsi üzrə imkanları, naviqasiya dövrü, limanın coğrafi mövqeyi, Dəniz Limanları Reyestrindən xaric edilməsinin əsası və tarixi kimi məlumatlar daxil edilir.

Eyni zamanda qanuna görə, limanın Reyestrdən xaric edilməsi müvafiq icra hakimiyyəti orqanının xidmətlərin göstərilməsi üçün limanın bağlanması haqqında qərarı əsasında həyata keçiriləcək.

Qanun layihəsi artıq I oxunuşda qəbul olunub və Milli Məclisin növbəti plenar iclaslarının birində II oxunuşda müzakirəyə çıxarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR