Sərdar Cəlaloğlu: “Rusiyanın guya Azərbaycanın demokratik inkişafında maraqlı olması siyasi demaqogiyadır”

Sərdar Cəlaloğlu: “Rusiyanın guya Azərbaycanın demokratik inkişafında maraqlı olması siyasi demaqogiyadır”
# 22 iyul 2013 10:45 (UTC +04:00)

Bakı. Etibar Məmmədov – APA. Azərbaycan Demokrat Partiyasının sədri (ADP) Sərdar Cəlaloğlu rus politoloqu A.Duqinin müsahibəsinin və Rusiya prezidenti V.Putinin səlahiyyətli nümayəndəsi, “Milyarderlər ittifaqı”nın üzvü Söyün Sadıqovun Azərbaycan Milli Mətbuatının yaranmasının 138-ci ildönümü ilə əlaqədar təbrikinin Azərbaycan milli maraqlarına xidmət etmədiyi barədə bəyanat yayıb.

Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, S. Cəlaloğlu Azərbaycan müstəqilliyini təhdid altına alan A.Duqinin müsahibəsini və Rusiya prezidenti V.Putinin səlahiyyətli nümayəndəsi, “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqovun milli mətbuatın yaranması günü ilə əlaqədar təbrikində milli maraqlarımızla uyuşmayan ifadələr səsləndirməsini şərh edərək deyib: “Hər şeydən əvvəl milli müstəqilliyimizə qarşı hər iki fikrin Azərbaycan mətbuatında yer almasını təsadüfi hadisə kimi qiymətləndirmək olmaz. Belə ki, həmin fikirlər V.Putinin Azərbaycana gözlənilən səfəri ərəfəsində meydana çıxıb və əsas hədəf V.Putinin bu səfərinin əsl məqsədləri haqqında Azərbaycan vətəndaşlarına və bütün dünyaya verilən mesajın çatdırılmasıdır. Səslənən hər iki fikrin məzmunu onu göstərir ki, Rusiya hələ də öz imperiya niyyətlərindən əl çəkməyib və güc nümayiş etdirərək hər bir vasitə ilə müstəqil Azərbaycanı təhdid altında saxlamaq, dövlətimizi planlaşdırılan Avrasiya İttifaqına sürükləmək istəyir. Rusiya Federasiyasının rəsmi nümayəndəsi kimi S.Sadıqov mətbuata açıq şəkildə deyir: “Rusiya Federasiyası 100 illik tarixə söykənən qarşılıqlı əlaqələrimizi əsas götürərək Azərbaycanın milli təhlükəsizliyi, demokratik inkişafını özünün milli və strateji maraqlarının bir hissəsi hesab edir”.

ADP sədri bildirib ki, bu ifadələr açıq şəkildə göstərir ki, əslində Rusiya Federasiyasının strateji maraqları 200 ildən artıq işğal və ilhaq etdiyi Azərbaycanı yenidən özünün milli təsir dairəsinə salmağa cəhd edir: “Öz ölkəsində demokratiyanın hər hansı bir təzahürünə dözümsüzlük göstərən Rusiyanın Azərbaycanın demokratik inkişafında maraqlı olması haqqında səslənən fikirlər siyasi demaqogiyadan başqa bir şey deyil və əslində bu cür cəhdlər Rusiyanın imperialist siyasətinin müasir dövrdə demokratiya bayrağı altında həyata keçirilməsinə xidmət edir”.

S.Cəlaloğlu qeyd edib ki, Rusiyanın məşhur politoloqu, dövlət adamı A. Duqinin müsahibəsi isə Azərbaycanın Rusiyanın şərtləri ilə razılaşmadığı təqdirdə onun Misir, Suriya kimi ölkələrin taleyini yaşayacağına verilən açıq işarələrdir: “A.Duqinin Avrasiya İttifaqına daxil olmada hələ ki, tərəddüd içində olan, ən yaxın müttəfiqi və forpostu Ermənistanı belə hədələməsi, əslində qoyulan şərtlərdən qaçdığı halda Azərbaycanın daha ciddi cəzalandırıla biləcəyi haqqında verilən mesaj kimi dəyərləndirilməlidir. A.Duqinin Rusiyanın sabiq prezidenti, hazırkı baş nazir V.Medvedev haqqında təhqirli fikirlər səsləndirməsi, o dönəmdə dövlətin başqaları tərəfindən idarə olunmasını dilə gətirməsi Rusiyada həyata keçirilən konstitusion demokratiya modelinin əslində Putin hakimiyyətinin saxlanılması və möhkəmləndirilməsinə xidmət etdiyini və Rusiyanı demokratik inkişafdan saxladığını göstərir. Bu mənada bundan əvvəl Azərbaycanda Putin-Medvedev modelinin tətbiq edilməsinin təşəbbüskarı olan qüvvələ, əslində Azərbaycanda da demokratik inkişafın qarşısını almaq kimi düşünülmüş bir planın icraçısı rolunda çıxış edirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR