Azərbaycan fındıq istehsalı və ixracının perspektivlərini araşdırır

Azərbaycan fındıq istehsalı və ixracının perspektivlərini araşdırır
# 22 iyul 2013 14:38 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İqtisadi İnkişaf Nazirliyi, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GIZ) və Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin təşkilatçılığı ilə «Azərbaycanda fındıq emalı və ixracının perspektivləri» mövzusunda növbəti dəyirmi masa Qaxda keçirilib. Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Azərbaycanda fındıq istehsalı, emalı və ixrac perspektivlərinin müzakirə olunduğu tədbirdə Qax, Qəbələ, Oğuz və Şəkidə fəaliyyət göstərən fındıq emalı müəssisələri, rayon icra hakimiyyəti, İqtisadi İnkişaf Nazirliyinin nümayəndələri iştirak ediblər.

Dəyirmi masada çıxış edənlər – İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov, GIZ-in nümayəndəsi Gülnarə Məmmədova və Qax rayon İcra Hakimiyyətinin əməkdaşı Azərbaycanda fındıq istehsalı və ixracı imkanları, bu sahədə sahibkarlara göstərilən dəstək tədbirləri barədə məlumat verib, sahibkarların suallarını cavablandırıblar.

Tədbirdə həmçinin, İqtisadi İnkişaf Nazirliyi, GIZ və Milli Məhsuldarlıq və Rəqabətədavamlılıq Mərkəzinin birgə həyata keçirdiyi «Cənubi Qafqazda özəl sektorun inkişafı Layihəsi» barədə də məlumat verilib. Qeyd edilib ki, bu layihəyə əsasən, Zaqatala, Qax, Balakən, Şəki, Qəbələ və Oğuz rayonlarında fəaliyyət göstərən fındıq emalı müəssisələri arasında anket sorğusu keçirilib və «Azərbaycanıe fındıq ixracatçıları» kataloqu üçün müvafiq məlumatlar toplanıb. Yaxın zamanlarda bu kataloq çap olunaraq xarici ölkələrdə yayımlanacaq. Həyata keçirilən tədbirlər Azərbaycanda ixrac potensiallı digər məhsulların da təşviqinə töhfə verəcək.

Qeyd edək ki, Azərbaycan dünyada fındıq istehsalı və ixracı sahəsində Türkiyə, İtaliya və ABŞ-dan sonra 4-cü yerdədir. Azərbaycanda yetişdirilən «Ata-baba» fındıq növü öz qida keyfiyyətinə görə dünya bazarında özünəməxsus yer tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR