İran parlamentinin deputatı: “Urmiya gölündəki fəlakətin aradan qaldırılması üçün peşəkar mütəxəssislərə ehtiyac var”

İran parlamentinin deputatı: “Urmiya gölündəki fəlakətin aradan qaldırılması üçün peşəkar mütəxəssislərə ehtiyac var”
# 10 dekabr 2013 09:24 (UTC +04:00)

“Urmiya gölünün quruması nəticəsində ölkənin mərkəzi vilayətləri düz kütlələri tərəfindən təhdid olunur”

Bakı. Real Cəfərli – APA. “Urmiya gölünün quruması sosial bir məsələdir”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bunu Xoy və Çayparə şəhərlərini İran parlamentində təmsil edən azərbaycanlı deputat Müvəyyid Hüseyni Sədr bildirib.

Onun sözlərinə görə, Urmiya gölündəki fəlakətin aradan qaldırılması üçün təcrübəli, peşəkar menecerlərə və mütəxəssislərə ehtiyac var: “Çünki siyasi idarəçilər Urmiya gölünün qurumasının qarşısını almağa kömək etməyəcək. Qərbi Azərbaycan vilayətinin yeni valisi siyasi qaydaları gözləmədən Urmiya gölündəki böhranın aradan qaldırılması üçün fərdlərdən istifadə etməlidir. Təəssüflər olsun ki, bəzi şəxslərin vilayətin su hövzələrinin idarəçiliyini və siyasi məsələləri bilməməsi səbəbindən Urmiya gölü daha sürətlə qurumağa başlayıb. Ümidvaram ki, yeni vali əvvəlki rəhbərliyin nöqsanlarını kompensasiya etmək üçün daha layiqli və bacarıqlı menecerlər təyin edəcək”.

M.H.Sədr deyib ki, yerli idarəçilər qanunsuz olaraq dostluq və yoldaşlıq xatirinə bir neçə dərin quyunun qazılmasına icazə verirlər: “Bu da Urmiya gölü hövzəsinin alt qatlarındakı bulaqların qurumasına səbəb olur, nəticə etibarilə gölün qurumasına mənfi təsir göstərir. Bundan əlavə, qeyri-peşəkar yol tikintisi, kənd təsərrüfatında qeyri-mexaniki suvarma üsullarından istifadə edilməsi, vilayətə yağan yağıntının miqdarının azalması Urmiya gölünün qurumasına səbəb olan digər amillərdir. Urmiya gölünün quruması nəticəsində ölkənin mərkəzi vilayətləri düz kütlələri tərəfindən təhdid olunur”.

Xatırladaq ki, Urmiya gölü İranın Şərqi və Qərbi Azərbaycan vilayətlərinin ortasında yerləşir. Sahəsi təxminən 6 min kv. km olan Urmiya gölünün 70 faizi 50 il ərzində tamamilə quruyub və şoranlığa çevrilib. Göldəki suyun səviyyəsi isə 1995-ci ildən azalmağa başlayıb. Artıq Urmiya gölünün ərazisi çox kiçilib və 5 adanın ətrafındakı su tamamilə quruyub. Mütəxəssislər duz fırtınalarının baş verəcəyi və insanların sağlamlığına, təsərrüfata xeyli ziyan vuracağı barədə dəfələrlə xəbərdarlıq ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR