«Joint Leasing» şirkətinin yeni Müşahidə Şurasının təqdimatı keçirilib - FOTO

«Joint Leasing» şirkətinin yeni Müşahidə Şurasının təqdimatı keçirilib - <span style="color: red;">FOTO
# 14 noyabr 2013 11:01 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Azərbaycanın «Joint Leasing» lizinq şirkətinin yeni Müşahidə Şurasının geniş ictimaiyyət üçün təqdimatı keçirilib. «APA-Economics»in xəbər verdiyi kimi, şirkətin Müşahidə Şurasının yeni sədri baronessa Nikolson Viterborn, üzvləri isə Rəşad Hacıyev və Maykl Bordman olacaq.

Baronessa Nikolson Vetrborn Qafqaz, Yaxın Şərq və Şimali Afrika, Avropa Birliyi və ABŞ-da müxtəlif ictimai-iqtisadi fəaliyyətlə məşğuldur. O, 1997-ci ildən Böyük Britaniya parlamentinin Yuxarı Palatası, Lordlar Palatasının üzvü, 2010-cu ildən Avropa Şurasında Britaniya nümayəndə heyətinin üzvü olub.

R.Hacıyev «Joint Leasing» şirkətinin səhmdarlarından biri olan Azərbaycan Beynəlxalq Bankı İdarə Heyətinin sədr müavinidir. M.Bordman isə 18 il ərzində «Nomura Securities» investisiya şirkətində çalışıb, daha sonra Asiyada davamlı enerji layihələrinin hazırlanması, maliyyə hesabatlılığı, əməliyyatların idarə edilməsi, vəsaitlərin cəlb edilməsi üzrə məsul şəxs kimi çalışıb.

Təqdimatda bildirilib ki, Müşahidə Şurasının belə tərkibdə olması şirkətə həmçinin beynəlxalq səviyyəyə çıxmasına, beynəlxalq maliyyə bazarlarından vəsaitlərin cəlb edilməsinə və ümumilikdə beynəlxalq miqyasda inkişafına xidmət edəcək. Həmçinin qeyd edilib ki, «Joint Leasing»in yeni inkişaf strategiyasında şirkətin ölkənin lizinq bazarında lider mövqelərinin daha da möhkəmləndirilməsi və eyni zamanda şirkətin ABB-dən tam müstəqil şəkildə fəaliyyət göstərməsi planları əks olunacaq. Ümumilikdə, sonuncu məqam R.Hacıyev tərəfindən xüsusi vurğulanıb və bildirilib ki, şirkətin tam müstəqil olması əsas məqsədlərdən biridir.

Bundan əlavə, son yenilik kimi nizamnamə kapitalının 700 min manatdan 1,260 mln. manatadək artırıldığı da qeyd olunub. Tədbirdə iştirak edən «Joint Leasing»in İdarə Heyətinin sədri Elçin Əhmədov bildirib ki, kapitallaşmanın artırılması prosesi davam etdiriləcək. Həmçinin, şirkət hazırda fəaliyyət göstərdiyi lizinq sahələrini də genişləndirmək niyyətindədir.

Qeyd edək ki, ABB ilə yanaşı «Joint Leasing»in səhmdarları sırasında 52,4%-lik payla Böyük Britaniyanın «DH Leasing» şirkəti də var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR