“Xalq sığorta” “Azəryolservis”i məhkəməyə verib

“Xalq sığorta” “Azəryolservis”i məhkəməyə verib
# 02 iyun 2014 11:13 (UTC +04:00)

Bakı – APA-Economics. “Xalq sığorta” ASC Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin tabeliyindəki “1 saylı Yol Yaşıllaşdırma” MMC-ni məhkəməyə verib.

Bakı 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsindən “APA-Economics”ə verilən məlumata görə, buna səbəb MMC-yə məxsus su maşınının şirkətin sığortaladığı avtomobili vurmasıdır.

Hadisə keçən il martın 31-də, Bakı-Sumqayıt yolunda baş verib. MMC-nin su maşını “Xalq Sığorta”da sığortalanan “Ford Cargo” markalı maşını əzib. Yol qəzası nəticəsində “Ford Cargo”ya 2500 manat ziyan dəyib. “Xalq Sığorta” nəzərdə tutulan ödənişi həyata keçirib və subroqasiya qaydasında “1 saylı Yol Yaşıllaşdırma” MMC-yə qarsı iddia qaldırıb. “1 saylı Yol Yaşıllaşdırma” MMC maddi vəziyyətinin çətin olduğunu əsas gətirərək “Xalq Sığorta” cəmi 1500 manat ödəmək istəyib. Tərəflər ortaq məxrəcə gələ bilmədiyi üçün sığortaçı məsələni məhkəmə yolu ilə həll etməyə qərar verib.

“Azəryolservis” ASC-nin Mətbuat Xidmətinin rəhbəri Pünhan Mürsəliyev “APA-Economics”ə açıqlamasında bildirib ki, hadisənin törədən sürücü həqiqətən də “1 saylı Yol Yaşıllaşdırma” MMC-nin əməkdaşı olub, lakin hadisə ilə bağlı müəssisəyə məlumat verməyib. Həmin əməkdaş işində yol verdiyi nöqsana görə işdən çıxarılıb.

O həmçinin bildirib ki, “Xalq Sığorta” və Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib olunan ziyan aktı barədə “1 saylı Yol Yaşıllaşdırma”ya məlumat verilməyib. Bununla yanaşı, Abşeron rayon məhkəməsində baş tutan məhkəmə prosesində də “1 saylı Yol Yaşıllaşdırma”nın nümayəndələrinin iştirakı təmin olunmayıb. Məhz bundan sonra “Xalq Sığorta” 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində “1 saylı Yol Yaşıllaşdırma”ya qarşı yeni iddia qaldırıb.

P. Mürsəliyev bildirib ki, iyunun 23-də 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində məhkəmə prosesi baş tutacaq ki, “1 saylı Yol Yaşıllaşdırma”nın nümayəndələri orada iştirak edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR