Azərbaycan Litvada keçiriləcək təbiət elmləri üzrə forum-sərgiyə dəvət alıb

Azərbaycan Litvada keçiriləcək təbiət elmləri üzrə forum-sərgiyə dəvət alıb
# 05 aprel 2014 12:21 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda keçirilən Beynəlxalq Turizm və Səyahətlər Sərgisində (AİTF-2014) iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Litvanın iqtisadiyyat naziri Evaldas Qustasla görüşüb.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, E.Qustas ölkəsinin Azərbaycanla iqtisadi əlaqələrin inkişafında maraqlı olduğunu qeyd edib, investisiya qoyuluşu və iqtisadiyyatın digər sahələrində əməkdaşlıq üçün geniş imkanların olduğunu diqqətə çatdırıb. Litva iqtisadiyyatı barədə məlumat verən E.Qustas iqtisadiyyat və sənaye nazirini, eləcə də Azərbaycan alimlərini bu ilin sentyabr ayında Litvada keçiriləcək təbiət elmlərinə dair forum-sərgiyə dəvət edib.

Həmçinin Bakı Biznes Mərkəzində İqtisadiyyat və Sənaye Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Litva işgüzar görüşü keçirilib. Tədbirdə AZPROMO-nun rəhbəri Rüfət Məmmədov Azərbaycan və Litva arasında tikinti, kənd təsərrüfatı, İKT, bərpa olunan enerji, turizm və s. sahələrdə əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı investisiya qoyuluşu üçün böyük imkanların olduğunu diqqətə çatdırıb, iş adamlarını fəal əməkdaşlığa dəvət edib.

E.Qustas Azərbaycana səfərindən məmnunluğunu ifadə edib, iqtisadi əlaqələrin daha da genişləndirilməsi üçün hər iki ölkənin böyük potensiala malik olduğunu bildirib. O, Litvaya investisiya qoyuluşu imkanları barədə məlumat verib, iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün işgüzar dairələrin iştirakı ilə keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb.

Tədbirdə Litvanın biznes və investisiya mühitinə dair təqdimat keçirilib.

Görüş zamanı Azərbaycanın investisiya imkanlarına, müxtəlif sahələrdə əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb, qonaqları maraqlandıran suallar cavablandırılıb və AZPROMO tərəfindən ölkəmizdə biznes fəaliyyətinin təşkili ilə bağlı müvafiq dəstəyin göstəriləcəyi bildirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR