AŞPA-nın islandiyalı və finlandiyalı üzvləri cəbhə bölgəsində olublar

AŞPA-nın islandiyalı və finlandiyalı üzvləri cəbhə bölgəsində olublar
# 15 yanvar 2014 11:13 (UTC +04:00)

Ağdam. Teymur Zahidoğlu - APA. Avropa Şurası Parlament Assambleyasının üzvü, İslandiya parlamentinin deputatı, keçmiş daxili işlər naziri Ogmundur Yonasson və assambleyanın digər üzvü, Finlandiyadan olan Jaakko Laakso Ağdam rayonuna səfər ediblər. APA-nın Qarabağ bürosunun xəbərinə görə, qonaqlar Ağdam rayon İcra Hakimiyyətinin başçısı Nizami Sadıqovla görüşüblər.

RİH-də xarici qonaqlara Dağlıq Qarabağın tarixi, münaqişənin gətirdiyi fəlakətlər, qaçqın və məcburi köçkünlərə dövlət qayğısı haqda geniş məlumat verilib. Bundan sonra O. Yonasson və J. Laakso rayonun cəbhəyanı yaşayış məntəqələrinə baş çəkiblər. Onlar təmas xəttində yaşayan insanların həyat tərzi və şəraiti ilə yaxından tanış olublar. Ermənilərin atəşkəs zamanı hədəfə aldığı evlərin divarlarında güllə izlərini maraqla seyr edən AŞPA üzvləri insanların burada necə yaşamasından təəccüblərini ifadə ediblər.

O. Yonasson jurnalistlərə açıqlamasında deyib ki, səfərin məqsədi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dolğun informasiyalar əldə etməkdir: “Bizə Ağdam İcra Hakimiyyətində kifayət qədər məlumatlar verildi. Amma biz istədik ki, cəbhə xəttinə gedib təcrübəmizə əsasən bilgilərimizi daha da artıraq. Biz dünya ictimaiyyətinin marağını bu məsələyə daha çox yönəltmək istəyirik”.

J. Laakso isə bildirib ki, ATƏT-in Minsk Qrupu və digər qurumlar münaqişənin həllindəki səylərini artırmalıdır: “Müharibəni ancaq sülh yolu və danışıqlarla həll etmək lazımdır. Müharibə nəinki problemi həll edir, daha çox problemlər törədir”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR