“Xəzər Lənkəran” Rauf Əliyevi transfer etmək istəyir

“Xəzər Lənkəran” Rauf Əliyevi transfer etmək istəyir
# 01 iyul 2014 13:33 (UTC +04:00)

Bakı – APA. “Düzdü, “Xəzər Lənkəran” Rauf Əliyevin transferi ilə bağlı bizə rəsmi müraciət edib. Lakin bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib”. Bunu apasport.az saytına açıqlamasında “Bakı” klubunun icraçı-direktoru Yaşar Seyidov deyib.

Azərbaycan millisinin futbolçusu Rauf Əliyevin gələcək karyerasına hələ aydınlıq gəlmədiyini bildirən Seyidovun sözlərinə görə, “Xəzər Lənkəran”ın heyətində görmək istədiyi hücumçu ilə yanaşı, digər 2 futbolçunun da komandanı tərk etməsi mümkündü: “İndidən nəsə demək çətindir. Əliyev “Bakı”dan Lənkəran təmsilçisinə gedə də bilər, getməyə də. Rauf kimi, daha 2 futbolçunun klubda qalıb-qalmayacağı sual altındadı. Bunlar Cavid Hüseynovla Əfran İsmayılovdu. Onlarla bağlı bizə rəsmi müraciət olunmasa da, bəzi menecerlər bu futbolçuların başqa kluba keçidi ilə bağlı danışıqlar aparıblar”.

Seyidov Cavidlə Əfranın hansı kluba keçəcəyini dəqiq bilməsə də, onların forma geyinə biləcəyi komandaların paytaxtı təmsil etdiyini deyib: “Menecerlər klubların adlarını gizli saxlayırlar. Bilirəm ki, onların hər ikisini istəyən klublar var. Avropa Liqasında çıxış edən klublara da keçə bilərlər. Ola bilsin “Neftçi” və ya “İnter” olsun. Yaxın 1-2 gün ərzində bu məsələlərin hamısına aydınlıq gəlməlidi”.

Qeyd edək ki, Cavidlə Rauf 2013-cü ilin əvvəlində, Əfran isə yayında “Bakı”ya keçmişdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR