Daxili Qoşunların Ali Hərbi Məktəbinə tələbə qəbulu elan edilib

Daxili Qoşunların Ali Hərbi Məktəbinə tələbə qəbulu elan edilib
# 03 mart 2014 12:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2014-2015-ci tədris ili üçün tələbə qəbulu elan edilib.

DİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbula namizədlər Azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qeydiyyatda olan, buraxılış siniflərində oxuyan və ya tam orta təhsilli 17 yaşı tamam olan və 19 yaşı tamam olmayan kişi cinsli Azərbaycan vətəndaşları sırasından seçilir.

Abituriyentlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər (fiziki hazırlıq üzrə minimal normativlər: turnikdə dartınma - 6 dəfə, qaçış 100 metr məsafəyə - 15 saniyə və 1000 metr məsafəyə - 4 dəqiqə, qolların üzərində bədənin döşəmədən qaldırılıb - 18 dəfə, arxası üstə uzanmış halda döşəmədən bədənin qaldırılması - 18 dəfə). Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı qəbul imtahanlarında iştirak etmələri üçün Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına göndərilir.

İmtahanlar test üsulu ilə 4-cü qrup fənləri üzrə Azərbaycan və rus dillərində keçirilir. Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən müəyyən edilir və abituriyentlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş abituriyentlər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olmaq istəyənlər Daxili Qoşunlarının Baş İdarəsinə (ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4) sənədləri təqdim etmələri xahiş olunur.

Ərizə və sənədlərin qəbulu 2014-cü ilin mart ayının 1-dən aprel ayının 10-dək olan müddətdə (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.

İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2014-cü ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən abituriyentlər Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul edilmirlər.

Ətraflı məlumat üçün əlaqə telefonları: (012)-590-65-07, (012)-560-27-00.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR