Kurban Berdıyev “Rubin” klubunun baş məşqçisi postundan kənarlaşdırılıb

Kurban Berdıyev “Rubin” klubunun baş məşqçisi postundan kənarlaşdırılıb
# 20 dekabr 2013 10:45 (UTC +04:00)

Bakı – APA. Millimizin üzvü Ruslan Abışovun şərəfini qoruduğu Rusiyanın “Rubin” klubu baş məşqçisiz qalıb. Apasport.az saytının məlumatına görə, Kazan təmsilçisi türkmənistanlı çalışdırıcı Kurban Berdıyevlə yollarını ayırıb.


Belə ki, bu gün Tatarıstan Respublikasının prezidenti və “Rubin” klubunun Qəyyumlar Şurasının sədri Rüstəm Minnixanovun iştirakı ilə baş tutan toplantıda komandanın cari mövsümdəki uğursuz çıxışı müzakirə olunub. Yekunda baş məşqçi Kurban Berdıyevlə yanaşı, klubun baş direktoru Andrey Qromov və vitse-prezident Kamil İsxakovun tutduqları vəzifədən azad edilməsi ilə bağlı qərar qəbul edilib.

Berdıyevi hələlik adı açıqlanmayan ispaniyalı məşqçinin əvəzləyəcəyi söylənilir.

Qeyd edək ki, Kurban Berdıyev 2001-ci ildən “Rubin”i çalışdırırdı. Kazan təmsilçisi onun rəhbərliyi altında 2 dəfə Rusiya çempionu olub və bir dəfə ölkə kubokunu başı üzərinə qaldırıb. Komanda onun rəhbərliyi altında avrokuboklarda uğurlu çıxışı ilə diqqət mərkəzinə düşüb.

Ruslan Abışov məhz türkmənistanlı mütəxəssisin istəyi ilə “Rubin”ə transfer olunub. Böyük ehtimalla, onun istefaya göndərilməsi millimizin üzvünü Kazan klubundan ayrılmasına zəmin yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR