SKMF bu il sahibkarlara 71 mln. manatdan artıq kredit verib

SKMF bu il sahibkarlara 71 mln. manatdan artıq kredit verib
# 30 aprel 2014 14:27 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev – APA-Economics. Bu gün İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Sabunçu rayonunun Ramana qəsəbəsində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, tədbirdə 70-ə yaxın sahibkar iştirak edib.

SKMF-nın icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2014-cü ilin ötən dövrü ərzində ölkə üzrə 1 471 sahibkarlıq subyektinin investisiya layihəsinin maliyyələşdirilməsinə 71,4 mln. manat güzəştli kredit yönəldilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin reallaşdırılması 3 400-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Ümumilikdə, indiyədək Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində paytaxt qəsəbələrində sahibkarlıq subyektlərinin 1 965 investisiya layihəsinin maliyyələşdirilməsinə 351,6 mln. manat güzəştli kredit verilib. Bu güzəştli kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 27,5 mindən çox yeni iş yerinin yaradılmasına imkan verir.

Ş. Abdullayev həmçinin, məlumat verib ki, ölkə başçısının “Kənd təsərrüfatı və ərzaq məhsulları bazarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında” 16 yanvar 2014-cü il tarixli sərəncamına uyğun olaraq, Bakı şəhərində artıq 2 logistik mərkəzin və 1 ixtisaslaşdırılmış “yaşıl market”in tikintisi maliyyələşdirilib.

“Yaşıl market”lərdə lazımi avadanlıq və vitrinlərlə təmin olunmuş satış yerləri, soyuducu anbar, fermer mağazaları, laboratoriya, avtopark və s. infrastruktur yaradılır və məhsulların müvafiq sanitar-gigiyenik normalara cavab verməsi üçün bütün şərtlər nəzərdə tutulub. Fermerlər istehsal etdikləri məhsulları laborator analizlərdən keçirərək, satışını vasitəçilər olmadan həyata keçirirlər. Bu da, kənd təsərrüfatı məhsullarının istehsalçıdan birbaşa istehlakçıya çatdırılmasına və ekoloji təmiz məhsulların istehsalının stimullaşdırılmasına şərait yaradacaq.

Ramana qəsəbəsində keçirilmiş sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə 19 sahibkarlıq subyektinə 5,6 mln. manat kredit verilib. Verilmiş kreditlər əsasən, heyvandarlıq, quşçuluq, tərəvəzçilik, istixana kompleksinin, çörək, tikinti materialları istehsalı, “yaşıl market”in yaradılması və s. sahələrə yönəldiləcək. Bu kreditlərin reallaşdırılması 150-dən çox yeni iş yerinin yaradılmasına imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR