Bu il Azərbaycanda 1446 müəllim işə qəbul olunub

Bu il Azərbaycanda 1446 müəllim işə qəbul olunub
# 30 dekabr 2013 10:13 (UTC +04:00)

Əvvəlki dövrdə müəllimlərin işə qəbulu ilə bağlı təkcə test imtahanları 6-7 həftə ərzində aparılırdısa, cari ildə isə bu proses cəmi 13 gün çəkib

Bakı. Könül Kamilqızı - APA. Bu il Azərbaycanda ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinə mərkəzləşdirilmiş qaydada aparılan müəllimlərin işə qəbulu prosesində çeviklik artırılıb.

APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin 2013-cü ildə təhsil sahəsində həyata keçirilmiş ən mühüm islahatlar, tədbirlər və yeniliklər barədə yekun hesabatında qeyd olunub ki, əvvəlki dövrdə müəllimlərin işə qəbulu ilə bağlı təkcə test imtahanları 6-7 həftə ərzində aparılırdısa, cari ildə isə bu proses cəmi 13 gün çəkib.

Qeyd edək ki, bu il 3286 vakant yer müsabiqəyə çıxarılıb. Vakant yerlərə 18 782 nəfər elektron ərizə verib. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin yekun nəticələrinə görə, ümumilikdə 1281 nəfər işə qəbul olunub. Əvvəlki illərdən fərqli olaraq, cari ildə müəllimlərin işə qəbulu üzrə vakant yerlərin sayı artsa da, keçid balı aşağı salınmayıb, işə qəbul olunacaq müəllimlərin peşəkar kompetensiyalarının daha yüksək olması müsabiqənin əsas meyarı kimi götürülüb.

Bundan başqa, Təhsil Nazirliyi tərəfindən noyabr ayında ümumtəhsil məktəblərində boş qalmış vakant yerlərə əlavə yerləşdirmə aparılıb. Əlavə yerləşdirmədə cari ildə müəllimlərin işə qəbulu müsabiqəsində keçid balı toplamış, lakin işə qəbul olunmamış şəxslər iştirak ediblər. Bu mərhələdə iştirak edən 1257 nəfərdən 165 nəfəri işə qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR