Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə keçiriləcək “Eco Picture Diary 2013” beynəlxalq ekoloji layihəsinin təqdimatı olacaq - FOTO

Heydər Əliyev Mərkəzində Azərbaycanda ilk dəfə keçiriləcək “Eco Picture Diary 2013” beynəlxalq ekoloji layihəsinin təqdimatı olacaq - <span style="color: red;">FOTO
# 31 oktyabr 2013 09:35 (UTC +04:00)

Bakı – APA. Noyabrın 1-dən 15-dək Azərbaycanda ilk dəfə olaraq məktəblilər arasında “Eco Picture Diary 2013” (“Eko Rəsm Gündəliyi 2013”) beynəlxalq müsabiqəsi keçiriləcək.

Müsabiqənin milli mərhələsi IDEA (International Dialogue for Environmental Action) tərəfindən, YUNESKO-nun himayəsi altında, Heydər Əliyev Mərkəzi və Panasonic Marketinq MDB-nin (PMCIS) dəstəyi ilə təşkil olunur. Azərbaycanın ilk dəfə qoşulduğu bu müsabiqə Bakı və Gəncə şəhərlərini əhatə edəcək.

Müsabiqənin noyabrın 1-də Heydər Əliyev Mərkəzində keçiriləcək təqdimat mərasimində 314 ümumtəhsil məktəbi, noyabrın 2-də Gəncə şəhərində təşkil ediləcək konfransda isə 49 ümumtəhsil məktəbi təmsil olunacaq.

Heydər Əliyev Mərkəzindən APA-ya verilən məlumata görə, “Eco Picture Diary 2013” (“Eko Rəsm Gündəliyi 2013”) müsabiqəsinin məqsədi gənc nəsil arasında ekoloji mədəniyyətin təbliği, flora və faunaya qayğının aşılanmasıdır. Layihə, həmçinin ətraf mühit və insan sağlamlığının qorunması üzrə aktiv vətəndaş mövqeyinin formalaşmasına xidmət edir.

Müsabiqədə ümumtəhsil məktəblərinin aşağı (6-11 yaşlar arası) və orta (12-15 yaşlar arası) yaş qruplarını təmsil edən şagirdləri iştirak edə bilər. İştirakçılar yarışma üçün hazırlanan xüsusi “Eko Gündəlik”də ekologiyaya dair rəsm və onun ideyasının qısa təsvirini əks etdirməlidirlər. 2013-cü il noyabrın 1-dən başlayaraq Bakı və Gəncə şəhərlərinin müəllimləri vasitəsi ilə paylanacaq “Eko Gündəlik”lər noyabrın 15-dək təhvil verilməlidir. Təqdim edilən “Eko Gündəlik”lər münsiflər heyəti tərəfindən qiymətləndiriləcək.

İDEA, Heydər Əliyev Mərkəzi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, YUNESKO, PMCİS, KİV və QHT nümayəndələrindən ibarət münsiflər heyəti final mərhələsinə vəsiqə qazanan 20 iştirakçı arasından bir nəfər milli qalibi müəyyən edəcək.

Müsabiqənin qalibi 1 dekabr 2013-cü il tarixinədək elan olunacaq. Milli qalibin “Eko Gündəliyi” layihənin beynəlxalq münsiflər heyətinə göndəriləcək. Bütün ölkələrin milli qalibləri arasından seçiləcək 6 ən yaxşı finalçı 2013-cü ilin dekabrında Parisdə beynəlxalq müsabiqənin nəticələrinin elan olunması mərasimində iştirak edəcək.

Müsabiqənin şərtləri barədə ətraflı məlumatı İDEA-nın internet səhifəsindən (www.ideacampaign.org) əldə etmək olar.

Qeyd edək ki, “Eco Picture Diary 2013” beynəlxalq müsabiqəsi 2008-ci ildən keçirilir. Ötən il yarışmada 51 ölkədən 300 000 məktəbli iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR