Tiflisdə "Azərbaycan gecəsi" keçirilib - FOTOSESSİYA

Tiflisdə "Azərbaycan gecəsi" keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 30 sentyabr 2013 23:04 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Sentyabrın 30-da Gürcüstan paytaxtındakı “Raminin təndiri” adlı Azərbaycan restoranında Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin təşəbbüsü və “Dialoq və İnkişaf Fondu”nun təşkilatçılığı ilə “Azərbaycan Gecəsi” keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri açan “Dialoq və İnkişaf Fondu” qeyri-hökumət təşkilatının rəhbəri Ramilə Əliyeva bildirib ki, tədbir Azərbaycan mətbəxinə həsr olunub və gecədə məqsəd Azərbaycan yeməklərini, musiqi və rəqslərini gürcü ictimaiyyətinə təbliğ etməkdir. Sonra Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin müşaviri Giorgi Qeqoçkori çıxış edib.

“Azərbaycan Gecəsi”ndə 12-13 növ plov bişirilib. Tədbir iştirakçıları dadlı Azərbaycan plovlarının, ləzzətli şirniyyat növlərinin və Azərbaycan çayının dadına baxıb.

Tədbirdə Tiflisdə fəaliyyət göstərən “Ceyran” folklor rəqs ansamblının üzvləri “Sarı gəlin” və digər rəqsləri nümayiş etdirib.

“Azərbaycan Gecəsi”ndə Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları, ARDNŞ-in Gürcüstan nümayəndəliyinin və Türkiyə səfirliyinin nümayəndələri, Marneuli rayon icra hakimiyyətinin icra başçısı və müavini, digər qonaqlar, gürcü ictimaiyyətinin nümayəndələri, Tiflisdə yaşayan azərbaycanlılar, QHT nümayəndələri və jurnalistlər iştirak edib.

Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin müşaviri Giorgi Qeqoçkori jurnalistlərə açıqlamasında “Azərbaycan Gecəsi”ndə Azərbaycan mətbəxində bişirilən nümunələrin gürcü nümayəndələrinin çox xoşuna gəldiyini bildirib: “Nazirliyimizin təşəbbüsü ilə keçirilən bu tədbiri hamı alqışlayıb və gürcülər burada nümayiş etdirilən plovları çox bəyənib. Mən Bakıda çox olmuşam və sizin xörəklərin dadına çox baxmışam. Mən plov, dolma və kababı çox sevirəm, xüsusilə azərbaycanlıların bişirdiyi mürəbbələri çox bəyənirəm. Azərbaycan mətbəxinin dadlı nümunələri mənəvi mədəniyyətdir”.

“Dialoq və İnkişaf Fondu”nun rəhbəri Ramilə Əliyeva isə APA-ya açıqlamasında tədbirin böyük əhəmiyyət daşıdığını, ən başlıcası, Azərbaycan mətbəxini təbliğ edərkən rəngarəngliyə fikir verildiyini və müxtəlif növdə plovların qonaqların çox xoşuna gəldiyini bildirib: “Gürcüstan Mədəniyyət və Abidələrin Mühafizəsi Nazirliyinin təşəbbüsü ilə belə tədbirləri çox keçirəcəyik. Bu layihə şəxsən nazir Quram Odişariyanın təşəbbüsü ilə Tiflisin mərkəzindəki Şarden küçəsində keçirilib. Biz Azərbaycan mətbəxini və musiqisini gürcü dostlarımıza və azərbaycanlı icmasına təqdim etdik. Belə tədbirlər davamlı olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR