Dövlət Komitəsi son üç ildə eyni sayda uşağın əcnəbi ailəyə övladlığa verilməsinə aydınlıq gətirib

 Dövlət Komitəsi son üç ildə eyni sayda uşağın əcnəbi ailəyə övladlığa verilməsinə aydınlıq gətirib
# 10 yanvar 2014 13:22 (UTC +04:00)

Komitənin açıqladığı statistik rəqəmlər əsasında 2011, 2012, 2013-cü illərdə hər il 8 uşağın əcnəbi ailəyə övladlığa verildiyi məlum olur. Eyni zamanda namizədlərin də sayının 9 olması diqqət çəkir. APA-nın rəqəmlərin eynilik təşkil etməsinin təsadüfi, yoxsa hansısa səbəbə görə olması barədə sualına cavab olaraq AQUPDK-nın Ölkələrarası övladlığa götürmə sektorunun müdiri Seymur Məmmədov bildirib ki, rəqəmlərin bu cür olması təsadüfdür: “Bizə müraciət olunur və prosedur başlayır. Yəni rəqəmlərin bu cür olması müraciətdən asılıdır. Namizədlərin isə bəziləri 2-3 il gözlədiyi üçün olduğu kimi qalır, bəziləri isə yeni seçilir. Əgər ailə qeydiyyatda çox qalsa və biz ona uşaq təqdim edə bilməsək, biz həmin ailə ilə danışırıq və onun sənədlərini geri göndəririk. Həmin ailənin Komitədə uzun müddət dayanmağı lüzumsuzdur”.

Azərbaycanda ölkələrarası övladlığa götürmə məsələləri Ailə və Mülki Prosessual məcəllələri və “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Haaqa Konvensiyası və bununla əlaqəli olan digər qanunvericilik aktları ilə tənzimləndiyini deyən sektor müdiri qeyd edib ki, Azərbaycan 2004-cü il martın 30-da “Ölkələrarası övladlığa götürmə ilə bağlı uşaqların müdafiəsi və əməkdaşlıq haqqında” Haaqa Konvensiyasına qoşulub: “Konvensiyanın 6.1-ci maddəsinə uyğun olaraq və ölkə prezidentinin 2007-ci il 12 mart tarixli fərmanı ilə Komitə ölkələrarası övladlığa verilmə üzrə mərkəzi orqan qismində müəyyən edilib. Komitə tərəfindən 2007-ci ildə 6, 2008-ci ildə 2, 2009-cu ildə 5, 2010-cu ildə 2, 2011-ci ildə 8, 2012-ci ildə 8, 2013-cü ildə 8 də uşaq əcnəbi ailəyə övladlığa verilib”.


S. Məmmədov Azərbaycanda əcnəbilərə övladlığa verilmənin proseduru barədə danışarkən qeyd edib ki, əvvəlcə əcnəbi vətəndaş Komitəyə müraciət edir, müraciətdən sonra Komitə əcnəbiyə övladlığa götürmə üçün tələb olunan sənədləri təqdim edir: “Həmin sənədlər həm Mülki Prosessual, həm də Ailə Məcəlləsində öz əksini tapıb. Daha sonra əcnəbi öz ölkəsinin mərkəzi orqanına müraciət edir və müvafiq sənədlər yığılıb leqallaşdırılır və Komitəyə göndərilir. Sənədlər möhürlənib təsdiq edildikdən sonra Azərbaycan dilinə tərcümə edilir və notarial qaydada təsdiq edilir. Bundan sonra sənədlərə baxırıq, əgər sənədlər müvafiq hesab olunursa, ərizəçini Komitədə qeydiyyata götürürük”.

Qeydiyyata götürdükdən sonra ərizəçiyə uşaq təqdim edildiyini söyləyən Komitə rəsmisi qeyd edib ki, əgər həmin şəxs uşağı bəyənirsə, Komitə uşağın bəyənilməsi ilə bağlı həmin şəxsin yaşadığı dövlətin mərkəzi qurumuna sorğu ünvanlayır: “Həmin sorğuda uşağa dair məlumatlar öz əksini tapır. Daha sonra həmin mərkəzi qurumdan övladlığa götürməyə razı olub-olmamaqları ilə bağlı bizə cavab göndərilir. Əgər razılıq versələr, biz həmin uşaqla bağlı onun yerləşdiyi ərazi üzrə qəyyumluq və himayəçilik komissiyasından rəy alırıq ki, bu uşaq övladlığa verilə bilər yoxsa yox. Müsbət rəy olarsa, komitə də rəyini yazır və əcnəbi şəxs uşaq hansı rayonun ərazisində yerləşirsə, həmin rayonun məhkəməsinə ərizə ilə müraciət edir. Eyni zamanda bizim də rəyimiz həmin məhkəməyə göndərilir. Artıq qərar çıxarmaq məhkəmənin səlahiyyətində olur”.

S. Məmmədov beynəlxalq övladlığa verilmə prosesinin təxminən 4-5 ay davam etdiyini söyləyib: “Hazırda beynəlxalq övladlığa təqdim etmək üçün uşaq olmadığına görə, 2-3 ildir gözləyən ailələr var. Yox, əgər övladlığa təqdim etmək üçün uşaq varsa, proses təxminən 4-5 ay çəkir”.

Əcnəbi və vətəndaşlığı olmayan şəxslərə hüquqi yardım göstərəcək orqanların hələ də AQUPDK-da akkreditasiyadan keçmədiyini söyləyən S. Məmmədov bununla aidiyyatı qurumlara təkliflər verməyi nəzərdə tutduqlarını bildirib: “Hələ ki, heç bir beynəlxalq təşkilat akkreditasiyadan keçməyib. Burada Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmək məsələsi var. Biz təklif vermək istəyirik, həmin təşkilatların Ədliyyə Nazirliyindən qeydiyyatdan keçməsi məsələsi rahat olsun”.

Həmin təşkilatların görəcəyi işlərdən də danışan sektor müdiri bildirib ki, əgər hansısa ölkənin təşkilatı burada akkreditasiyadan keçsə, o öz ölkəsinin vətəndaşlarına hüquqi yardım göstərəcək: “Yəni ki, həmin təşkilatlar sənədlərin yığılması, tərcümə edilməsi, məhkəmədə həmin şəxsin təmsil olunması və sair məsələlərə baxır. Bir sözlə həm vasitəçi, həm də köməkçi rolunu oynayır”.

S. Məmmədov onu da vurğulayıb ki, Komitəyə bu işlə bağlı səlahiyyət veriləndən sonra, ölkələrarası övladlığa götürmədə övladlığın ləğvi ilə bağlı indiyə kimi məhkəmə işi olmayıb: “Övladlığa götürmənin ləğvi Ailə Məcəlləsinin 132-ci maddəsinə əsasən tənzimlənir. Əcnəbi valideynlərin hər hansı biri uşaqla qəddar rəftar etdikdə, alkoqol və narkotik aludəçisi olduqda, uşağın həyatına və yaşayışına zərər yetirdikdə övladlığa götürmə ləğv oluna bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR