Luqanskda azərbaycanlı iş adamının evinə basqın edənlər sərbəst buraxılıblar

Luqanskda azərbaycanlı iş adamının evinə basqın edənlər sərbəst buraxılıblar
# 21 noyabr 2013 15:18 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Ukraynanın Luqansk şəhərində azərbaycanlı iş adamı Şahin Məmmədovun evinə basqın olayı ilə bağlı yerli milis tərəfindən təzyiqə məruz qalan Azərbaycan diasporunun rəhbəri hadisə ilə bağlı yerli hüquq-mühafizə orqanlarına müraciət edib.

Luqansk vilayəti üzrə Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rasim Uğurluyev APA-ya açıqlamasında bildirib ki, artıq həmin gecə evinə olan qanunsuz milis basqını və yoxlaması ilə bağlı şəhərin hüquq-mühafizə orqanlarının rəhbərliyinə rəsmi məktub göndərib.

Onun sözlərinə görə, məktubda həmin axşam aidiyyəti olmadığı hadisəyə görə 30 nəfərlik xüsusi təyinatlı milislərin prokurorun sanksiyası olmadan onun evinə basqın etməsi, yoxlama aparması qeyd olunub, bu barədə ölçü götürülməsi xahiş olunub: “Məni çağırıb bildirdilər ki, hadisə barədə ölçü götürüləcək, narahat olmayım. Çünki bu, açıq-aşkar qanunsuzluq idi və burada yaşadığım uzun illər ərzində belə bir hadisə ilə rastlaşmamışdım. Bir azərbaycanlı iş adamının evinə basqın olub, atışma düşüb və Azərbaycan diasporuna rəhbərlik edirəm deyə, mənim də evimə basqın olur. Məktubuma cavabda bildirilir ki, bu, tamamilə qanunsuz haldır və araşdırıb günahkarları cəzalandıracaqlar”.

R.Uğurluyev onu da bildirib ki, Ş.Məmmədovun işi ilə bağlı basqına rəhbərlik edənlərdən ikisi saxlanılsa da, bu gün zaminə buraxılıb: “Çox təəssüf ki, bu hadisədə hələ ki saxlanılan yalnız Şahin Məmmədovdur”.

Qeyd edək ki, noyabrın 16-da axşam Luqanskda Azərbaycan diasporunun keçmiş rəhbəri və hazırkı fəalı, iş adamı Ş.Məmmədovun evinə xeyli sayda maskalı şəxslər tərəfindən basqın olub. Basqın zamanı baş vermiş atışma nəticəsində Ş.Məmmədovun açdığı atəş nəticəsində basqınçılardan biri ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR