Rafael Hüseynovun Məhəmməd Füzuliyə həsr edilmiş yeni monoqrafiyası işıq üzü görüb

Rafael Hüseynovun Məhəmməd Füzuliyə həsr edilmiş yeni monoqrafiyası işıq üzü görüb
# 25 iyun 2014 16:36 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Görkəmli ədəbiyyatşünas alim, AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, AMEA-nın müxbir üzvü, professor Rafael Hüseynovun dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzuliyə həsr edilmiş “Yoxdan var” adlı yeni monoqrafiyası işıq üzü görüb.

Milli Azərbaycan Ədəbiyyatı Muzeyindən APA-ya verilən xəbərə görə, müəllif Azərbaycan, Orta Asiya, İran, Türkiyə və bir sıra Avropa ölkələrindəki arxiv və əlyazma xəzinələrində uzun illər ərzində apardığı araşdırmalarının yekunu olaraq XVI əsr ədəbi və fəlsəfi fikrimizin bu müstəsna nümayəndəsi haqda elmdə yeni söz olan tədqiqat əsəri yaratmağa müvəffəq olub.

R.Hüseynov Füzulidən bəhs edərkən onu sadəcə olaraq şair, yaxud yalnız alim adlandırmır, iki vacib dəyəri eyni zamanda varlığında və yaradıcılığında daşıyan mütəfəkkir söz ustasını bütövlüyü ilə təhlil edir. Müəllif göstərir ki, ana dilindən savayı fars və ərəbcə də mükəmməl bədii və elmi əsərlər yaradan Füzuli özündən sonrakı türkdilli ədəbiyyatın inkişafına güclü təsir edir.

Kitabın adı Füzulinin məşhur qəzəlindən götürülüb. R.Hüseynovun monoqrafiyasındakı bir neçə fəsildə Füzuli yaradıcılığının bu xüsusiyyətləri təfərrüatları ilə izlənilir. Monoqrafiyada həm Füzulinin qəzəl janrına gətirdiyi yeniliklər, nail olduğu ifadə gözəllikləri nəzərdən keçirilir, həm də şairin qəzəl yaradıcılığının özündən sonrakı lirik poeziyanın irəliləyişlərinə təsiri araşdırılır.

Kitabda Füzulinin ən məşhur əsəri olan “Leyli və Məcnun” məsnəvisi də diqqət mərkəzində saxlanılır, əsərdəki Leyli obrazına münasibətdə ilk dəfə olaraq bəlli stereotiplərdən kənara çıxılır və Füzulinin təsvir etdiyi Leyli məhz müəllifin təqdim etdiyi mürəkkəbliyi ilə təhlil olunur. Məsnəvidən iqtibas edilən parçalar və VIII-XI əsrlərə aid ərəb məxəzlərindən toplanmış məlumatlar əsasında Füzuli məsnəvisində Leylinin fərqli situasiyalarda dəyişən xarakteri və davranışları təsvir edilir.

Görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyevin elmi redaktoru olduğu 50 çap vərəqi həcmində olan 808 səhifəlik bu dəyərli monoqrafiya Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi Şurasının məsləhəti ilə “Elm və təhsil” nəşriyyatı tərəfindən çap edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR