Oğuz Çətin: “Türkiyədən səviyyəli futbolçuları Azərbaycana gətirmək asan olmayacaq”

Oğuz Çətin: “Türkiyədən səviyyəli futbolçuları Azərbaycana gətirmək asan olmayacaq”
# 02 iyul 2014 12:00 (UTC +04:00)

Bakı – APA. “Türkiyəli futbolçuların Azərbaycanda legioner statusu daşımamağı, çempionatın səviyyəsinə müsbət təsir edəcək. Bilirsiniz ki, hazırda Topaz Premyer Liqasında yerli futbolçulara görə limit tətbiq olunur. Amma ölkəmizdə səviyyəli yerli oyunçular azdı. Türkiyədən futbolçu gətirməklə, bu problemi aradan qaldırmaq olar”. Bu sözləri apasport.az saytına “Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov deyib.

Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev saytımıza müsahibəsində növbəti mövsümdən türkiyəli futbolçuların Azərbaycan, azərbaycanlı futbolçuların isə Türkiyə çempionatında oynayacağı təqdirdə legioner statusu daşımamağı barədə danışıqlar getdiyini bildirib. Musayev, həmçinin qeyd edib ki, Türkiyə Futbol Federasiyası və AFFA arasında aparılan danışıqların yekun nəticəsi yaxın günlərdə bəlli olacaq.

Apasport.az saytının əməkdaşı bununla bağlı Topaz Premyer Liqasında çıxış edən klubların nümayəndələri ilə yanaşı, tanınmış məşqçi Ağasəlim Mircavadovun da fikirlərini öyrənib. 67 yaşlı mütəxəssisin sözlərinə görə, əgər tərəflər arasında razılıq əldə olunarsa, bu, Azərbaycan çempionatının səviyyəsinin qalxmasına səbəb olar: “Onsuz da türkiyəli futbolçular milliləşdirilib, yığma komandada oynayırlar. Ona görə də bu qərara pis baxmaq lazım deyil. Həm də, Türkiyə I dəstəsində bizim futbolçular legioner sayılmır. Azərbaycan Premyer Liqasında da belə olsa, bu, bizə kömək edəcək. Çünki Türkiyədən səviyyəli futbolçu gətirmək mümkündü. Amma bununla belə, müəyyən say məhdudiyyəti qoyulmalıdı. Öz futbolçularımızın da inkişafını düşünməliyik. 2 və ya 3 nəfər ola bilər. Qaldı ki, bizimkilərin orada legioner sayılmamağına, azərbaycanlılar üçün əla şansdı. Onlar Türkiyədə özlərini göstərə bilərlər”.

“Xəzər Lənkəran”ın türkiyəli baş məşqçisi Oğuz Çətin də danışıqların müsbət yekunlaşmağını arzulayır: “Razılıq əldə edilərsə, Azərbaycan və Türkiyə dövlətləri arasındakı mövcud münasibətlər daha yüksək səviyyədə olacaq. Həmçinin, Türkiyə I dəstəsində azərbaycanlı futbolçular yerli oyunçu statusunda çıxış edir. Azərbaycanın da belə addım atması yaxşı qarşılanmalıdı. Amma bir məqam var ki, Türkiyədən güclü və səviyyəli futbolçuları Premyer Liqaya gətirmək asan olmayacaq”.

“Türkiyə və Azərbaycan bir millət, iki dövlətdi, bu ideyanı alqışlamaq lazımdı” – bu sözlər isə AZAL-ın baş məşqçisi Tərlan Əhmədova məxsusdu. Onun fikrincə, danışıqların müsbət sonluqla yekunlaşması çempionatımızı daha da maraqlı edər: “Bildiyimə görə, Türkiyə I dəstəsində azərbaycanlı futbolçular legioner sayılmırlar. Bu səbəbdən biz də eyni addımı ata bilərik. Bu, yaxşı haldır. Həm də onların ölkəmizə gəlməsi bizim futbolumuzun səviyyəsinin qalxmasına kömək edəcək. Düzdü, yüksək səviyyəli türk futbolçuların Azərbaycana gəlməsi mümkün olmayacaq. Amma yenə də klublarımıza kömək edən oyunçular gətirə bilərik”.

“Bakı”nın icraçı-direktoru Yaşar Seyidov isə deyib ki, belə qərar çoxdan qəbul olunmalı idi: “Əgər azərbaycanlı futbolçular Türkiyə Superliqasında legioner sayılmasa, bu, onlar üçün şans olacaq. Özlərini orada sübut edə bilərlər. Türkiyəli futbolçuların da burada yerli futbolçu statusunda çıxış etməsi iki ölkə arasındakı münasibətlərə yaxşı təsir edəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR