Azərbaycan yığması FİFA reytinqində 85-ci pilləyə yüksələ bilər

Azərbaycan yığması FİFA reytinqində 85-ci pilləyə yüksələ bilər
# 14 mart 2014 14:41 (UTC +04:00)

Bakı – APA. FİFA-nın sonuncu reytinq siyahısını açıqlamasından sonra milli komandaların növbəti ay üçün də təxmini durumları bəllidir. Apasport.az saytının hesablamalarına görə, bir də aprelin 10-da açıqlanacaq cədvəldə xeyli dəyişikliklər gözlənilir.

Reytinq cədvəlinin indidən bilinməsinə səbəb isə qarşıdakı dövrdə yığmaların iştirakı ilə görüşlərin demək olar olmamağıdı. Çünki aprelin 10-dək FİFA təqvimində oyunlar üçün vaxt yoxdur.

Bu isə o deməkdir ki, artıq indidən növbəti reytinq siyahısının konturlarını cızmaq olar. 27 gündən sonra irəliləyəcək yığmalardan biri də Azərbaycan millisidi.

Dünən açıqlanan sıralamada 369 xalla dünyanın 91-ci komandası olan millimizin hesabı xeyli artacaq. Belə ki, aprelin 10-da yığmamızın 398 xal olacaq. Oynamadan qazanılan 29 xal millinin mövqeyinə də təsir edəcək.

Proqnozlara əsasən, komandamızın 6 pillə irəliləməsi gözlənilir. Bu da cədvəldə bizdən öndə qərarlaşanların gələn ay 398-dən az xala malik olması ilə bağlıdı. 6 addımlıq sıçrayış seçməmizi 85-ci pilləyə daşıyacaq. Millimiz Yeni Zelandiya, Toqo, Qabon, Konqo, Uqanda, Konqo DR yığmalarını keçəcək.

Bu isə yığma tarixində mütləq rekorddur. Komandamız indiyədək ən yaxşı halda 88-ci olmuşdu. Həmin nəticə 2013-cü ilin oktyabrına təsadüf etmişdi. Foqtsun yetirmələri 6 aydan sonra rekordlarını 3 pillə yaxşılaşdıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR